Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhəti ağırlaşıb.
Bu səbəbdən doğmaları ilə görüşü yarımçıq qoymalı olub.
Bu barədə hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoy özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, atası şiddətli baş ağrılarından və yuxusuzluqdan əziyyət çəkir.
"15 gündür ki, yatmır, ayaq üstündə durmağa çətinlik çəkir.Qəbul etdiyi dərmanlar nəticə verməməklə yanaşı psixoloji durumuna kəskin mənfi təsir göstərir. Kamera şəraitində hərəkətsiz qaldığına görə ayaqlarında qıcolma baş verir.
Xəstəlikləri ilə əlaqədar normal qidalanmır, yatmır və bu da onun fiziki vəziyyətini və müqavimətini zəiflədir. Bizə verilən 4 saatlıq görüşün yalnız 2 saatını ayaq üstdə dura bildi və sağollaşıb getdi. İndiki vəziyyətdə onun həbsxana hospitalına köçürülməsi zəruridir”.
Oktyabrın sonlarında İ.Əliyev tibbi müayinədən keçib. Onun boynunda osteoxondroz,belində isə pratuziya (yırtıq) aşkar edilib. Buna baxmayaraq, təcridxana şəraitində ambulator müalicə yazılıb.
İntiqam Əliyev avqustun 8-də vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamları ilə həbs edilib.
İntiqam Əliyev ittihamları təkzib edir və onları siyasi motivli hesab edir.
Məhkəmə İntiqam Əliyev barəsində həbs qətimkan tədbirini üç ay - 8 fevral 2015-ci il tarixə qədər uzadıb.
Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.