Ermənistan-Azərbaycan cəbhə xəttini keçən Azərbaycan vətəndaşı Cavid Məmmədov sentyabrın 10-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Məlumata görə təhvil vermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.
Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş çəkərkən saxlanılan şəxs geri dönmək arzusunu bildirib.
Təşkilatın nümayəndələri onun ailə üzvləri ilə də əlaqə saxlayıblar.
Azərbaycan Respublikasının vətəndaşı, 15 yaşlı Cavid Məmmədov 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb.