Accessibility links

Girovların qohumları BQXK-nin Bakı nümayəndəliyinin qarşısında piket keçirib


BQXK-nin qarşısında piket
BQXK-nin qarşısında piket

Etirazçılar girovların azad edilməsini tələb edib

Bu gün Ermənistan tərəfindən girov götürülmüş Azərbaycanın bu ölkənin nəzarətində olan Kəlbəcər rayonun sakinlərinin qohumları Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirib.

BQXK-nin qarşısında piket
BQXK-nin qarşısında piket

Aksiyanın təşkilatçılarından “İrəvan” Azadlıq Təşkilatının rəhbəri Təbriz Musayev Amerikanın Səsinə deyib ki, piketçilər “Kəlbəcər partizanları”nın azadlığa buraxılmasını tələb ediblər. Onlar əllərində “Öz torpağında girov düşənlərə azadlıq!”, “Dilqəm və Şahbaza azadlıq!”, “Qırmızı Xaç ya işləyin və çıxın gedin!” sözləri yazılmış plakatlar tutublar.

Azərbaycanın Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi tənqiddən nəticə çıxararaq Kəlbəcərdə azərbaycanlı girovların tutulması ilə bağlı əməli addımlar atıb. “Bu gün BQXK bununla bağlı Azərbaycan hökuməti ilə birgə bəyanatla çıxış edəcək”.

O, Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin təxribatçı olması barədə erməni tərəfinin ittihamlarını rədd edib.

Ə.Həsənovun sözlərinə görə, Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var. “Hadisədən neçə gün keçib, nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki başlarına min oyun açırlar, işgəncələr verirlər, iynə vururlar, bədənlərinə min cür şey yeridirlər”.

O, Kəlbəcərdə girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı Azərbaycan hökumətinin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə bu gün birgə bəyanat yayacağını da qeyd edib.

XS
SM
MD
LG