ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası (USCİRF) dünyada din azadlığı haqqında illik hesabatını açıqlayıb.
Azərbaycana həsr edilmiş hissədə deyilir ki, ictimai dini dözümlülüyə baxmayaraq, 2014-cü ildə hökumətin din azalığına münasibəti pisləşməkdə davam edib və demokratik normalara riayət olunmasının kəskin şəkildə pisləşməsi ilə müşaiyət olunub.
Son bir ildə vətəndaş cəmiyyəti fəallarının və dini qrupların üzvlərinin həbsi xeyli artıb. Bundan başqa, hökumət 2009-cu il tarixli din haqqında məhdudlaşdırıcı qanunun pozuntusuna görə cərimə kəsməyə davam edib.
Dini təşkilatların qeydiyyatı haqqında ərizələrə cavablar gecikdirilib və ya onlar geri qaytarılıb, dini qrupları isə qanundankənar elan edilib.
Dinc din xadimləri, onların müdafiəçiləri və digər fəallar müxtəlif ittihamlarla saxlanma, cərimə, həbs cəzalarına məruz qalıblar. Bununla əlaqədar olaraq ABŞ-ın beynəlxalq din azadlığı üzrə Komissiyası (USCIRF) 2015-ci ildə Azərbaycanı yenə 2-ci kateqoriyaya aid edib. İlk dəfə ölkə 2013-cü ildə bu kateqoriyada yerləşdirilmişdi.
Dövlət Departamentinin məlumatına görə, Azərbaycan əhalisinin 96%-i müsəlmanlardır (65% şiə, 35% sünni). Qalan 4% pravoslav ruslar, erməni pravoslav xristianlar, həmçinin lüteranlar, katoliklər, baptistlər və yeddinci gün adventistləridir. 20 000 nəfərə yaxın yəhudi, bahailər var.
Hesabat dövründə Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və dini qrupların dinc üzvlərinin həbsləri xeyli artıb. 2014-cü ildə parlament guya dini ekstremizmin yayılmasının və xarici missionerlərin fəaliyyətinin qarşısını almaq üçün dini qruplara qarşı Dini Təşkilatlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) qarşısında hesabatlılıq tələbini sərtləşdirib.
Bu şübhəli əməllər 2014-cü ildə 6 ay ərzində Azərbaycanın Avropa Şuras Nazirlər Komitəsinin sədri olduğu dövrdə baş verib.
Azərbaycanın 2009-cu il tarixli “Din etiqad azadlığı haqqında” qanunundan din azadlığının məhdudlaşdırılması və cərimələrin, polis basqınlarının, saxlanmaların və həbs cəzalarının bəraəti üçün əsas kimi istifadə olunur.
2012-ci ilin oktyabrında Avropa Şurasının Venesiya Komissiyası və ATƏT Azərbaycanın din haqqında qanununun insan hüquqları haqqında beynəlxalq tələblərə cavab vermədiyi haqqında ekspert rəyi verib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanın 2009-cu il tarixli din haqqında qanunvericiliyin hakimiyyətə “qeyri-qanuni” dini fəaliyyətin müəyyən edilməsi və təqibi üçün “qeyri-məhdud səlahiyyətlər” verdiyi barədə rəy verib.
2014-cü ilin oktyabrında “İslam-İctihad” Assosiasiyası - Azərbaycan QHT-si Avropa İnsan Haqları Məhkəməsində 2003-cü ildə bağlanması ilə bağlı işi udub. AİHM müəyyən edib ki, hökumət onun toplaşmaq və birləşmək azadlığı hüququnu pozaraq, müsəlmanların ziyarətlərinin təşkilinə və dövlət dəstəyi alan Qafqaz Müsəlmanları İdarəsinin ünvanına tənqidlərə görə onu bağlayıb.
2014-cü ilin noyabrında Azərbaycan Ali Məhkəməsi “Fatimeyi-Zəhra” məscidinin dövlət tərəfindən məcburi ləğvi haqqında iş üzrə apellyasiyasını təmin etməyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 2014-cü ilin sonlarında elan edib ki, baptistlər və adventistlər qeydiyyata alınacaq, amma yalnız öz qruplarını ləğv edib, yeni təşkilat kimi ərizə verdikləri halda; əks halda onlar məcburi şəkildə ləğv ediləcək.
Hüquqi müdafiə və maarifləndirmə cəmiyyəti qeyri-zorakı dini təcrübəyə və ya hüquq müdafiə fəaliyyətinə görə azadlıqdan məhrum edilmiş müsəlmanların siyahısını tərtib edib.
Onların əksəriyyəti ictimai etirazlara görə həbs edilib: bu qrupun 11 üzvü hələ də həbsdədir, 7 nəfəri 2014-cü ildə azad edilib və iki nəfər 2015-ci ilin martında prezident Əliyev tərəfinən əvf edilib.
2014-cü ilin noyabrında Sumqayıtda ibadət evinə gələn sünnilər bir neçə saatlığına saxlanılıblar; polis guya orada silah tapıldığını bildirib. 2015-ci ilin fevralında Bakı Məhkəməsi evin sahibi Zöhrab Şıxəliyevi (bütün yerli sünni məscidləri bağlandığına görə öz evini ibadət üçün açmışdı) saxta silah saxlamaq ittihamı ilə 6 ay müddətinə azadlıqdan məhrum edib.
Onun ibadət etdiyi məscidə imam təyin edilməsini ictimai şəkildə tənqid etdiyinə görə islam ilahiyyatçısı Taleh Bağırov 2013-cü ilin noyabrında qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib.
2014-cü ilin dekabrında Bakıda “qanunsuz” dini ədəbiyyat oxumaqda və “qanunsuz” dini qrup təşkil etməkdə ittiham olunan üç müsəlmanın - Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Səbzəliyevin işi üzrə məhkəmə başlayıb. Onlar 3 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.
19 dekabr 2014-cü ildə müsəlman alimi – ilahiyyatçı və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Elşən Mustafaoğlu məhkəmə prosesi başlamazdan əvvəl dörd ay müddətinə vətənə xəyanət ittihamı ilə həbsə alınıb. O, İranda islamı öyrənib və 2009-cu ildə ABŞ-da Beynəlxalq Səfər Proqramında iştirak edib.
Bütün müsəlman din xadimləri dövlət tərəfindən dəstəklənən QMİ tərəfindən təyin edilir və Azərbaycanda təhsil almış, bu ölkənin vətəndaşı olmalıdırlar; bütün məscidlər QMİ-yə bağlı olmalıdır; yalnız Azərbaycan vətəndaşları islam dini icmaları təşkil edə bilər.
Polis məscidlərdən kənarda ibadəti qadağan edir. 2010-cu ildə Təhsil Nazirliyi məktəblərdə hicabı demək olar ki, qadağan edən islahatlar aparıb.
2013-cü ildə bu qadağa universitetlərə də şamil edilib ki, bu da çoxsaylı müraciətlərə və icazəsiz etirazlara səbəb olub.
2014-cü ildə hökumət və QMİ sünni məscidlərinin bağlanması kampaniyasını gücləndirib. Ləzgi məscidi – Bakıda fəaliyyət göstərən iki sünni məscidindən biri bağlanmaq təhlükəsi ilə üz-üzə idi. 2014-cü ildə Bakı yaxınlığındakı sünni məscidi yeni əllərə verilib; DQİDK iddia edir ki, məscidin ilkin icması ləğv edilib, belə ki, şiələrin icmaya daxil olmasına “icazə verib”.
Dini əqidələrə görə hərbi xidmətdən imtina ilə bağlı vəziyyət: 2001-ci ildə Azərbaycan AŞ-ya daxil olduqda alternativ xidmətə icazə verməyi vəd edib, lakin dini əqidələrə görə hərbi xidmətdən imtina hüququ haqqında qanun hələ də qəbul edilməyib. Konstitusiya alternativ xidmətə icazə versə də, digər qanunlar hərbi xidmətdən imtina edənlər üçün 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Dini materialların dövlət senzurası: Dini ədəbiyyatla bağlı dövlət məhdudiyyətlərinin və senzura qaydalarının ilk dəfə pozulması iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Gizli” və ya mütəşəkkil qrupların iştirakçılarını və ya bu pozuntunu təkrarlayanları iki ildən beş ilədək həbs cəzası gözləyir. 2015-ci ilin fevralında Bakı Məhkəməsi Yeqova şahidləri İrina Zaxarçenko və Valid Cəbrayılovu 3 ay müddətinə istintaq təcridxanasına salmaq qərarı verib; onlar hakimiyyətin icazəsi olmadan dini ədəbiyyat yaymağa görə 5 ilədək azadlıqdan məhrum edilə bilər.
Naxçıvan Muxtar Respublikasında vəziyyət: Naxçıvan Muxtar Respublikasının sakinləri din azadlığı sahəsində Azərbaycanın digər rayonlarının sakinlərindən daha ciddi məhdudiyyətlərlə qarşılaşır. Yerli sünnilərin namaz qılmağa yeri yoxdur. 2014-cü ilin noyabrında 200-dən çox şiə həbs edilib; “Forum 18” xəbər xidmətinin məlumatına görə, 50-yə yaxın insan saxlanılıb və 50-yə yaxın məscid, xüsusən hakimiyyətin İrana yaxın kimi dəyərləndirdiyi məscidlər bağlanıb.
Hesabat dövründə BMT-nin hüquq müdafiə qurumları və beynəlxalq vətəndaş cəmiyyəti qrupları tərəfindən Azərbaycanda insan hüquqlarına riayət olunması ilə bağlı vəziyyətə dair tənqid kəskin şəkildə güclənib. Buna cavabda Azərbaycanın vəzifəli şəxsləri ABŞ rəsmilərini anti-Azərbaycan fəaliyyətində ittiham edib.
Azərbaycanda din və etiqad azadlığının təşviqi məqsədilə USCİRF ABŞ hökumətinə aşağıdakı tövsiyələri verib:
- Azərbaycan hökumətini din haqqında qanunvericiliyi insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə və Venesiya Komissiyasının və ATƏT-in tövsiyələrinə uyğunlaşdırmaq;
- Azərbaycan hökumətini dini qrup üzvlərinin dinc dini fəaliyyətə görə saxlanılmasına və həbsinə son qoymağa razılaşdırmaq;
- İctimaiyyətin diqqətini Azərbaycanda beynəlxalq din azadlığı normalarının və onlarla bağlı insan hüquqları normalarının pozulmasına çəkmək;
- Azərbaycan hökumətini BMT-nin din azadlığı məsələləri üzrə xüsusi məruzəçilərinin ölkəyə səfərinə icazə verməyə razılaşdırmaq;
- Azərbaycan hökumətinin dini qrupların qeydiyyatsız azad fəaliyyətinə icazə verməsi üçün ona təzyiq göstərmək;
- ABŞ tərəfindən maliyyələşdirilən radio və internet yayımını, xüsusən, azərbaycan dilində din azadlıqlarına riayət edilməsi ilə bağlı vəziyyət kimi aktual mövzularda obyektiv informasiya yayan yayımı genişləndirmək.
* ABŞ-ın beynəlxalq din azadlığı üzrə Komissiyası (USCİRF) ABŞ hökumətinin Konqres tərəfindən yaradılmış müstəqil məsləhət orqanıdır.
Komissiya dünyada din azadlığının monitorinqini həyata keçirir və prezident, dövlət katibi və Konqres üçün siyasi tövsiyələr hazırlayır.
USCİRF bu tövsiyələri hüquqi mandata və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit edilmiş standartlara əsaslandırır.
2015-ci ilin illik hesabatı komissiya üzvlərinin və onun peşəkar əməkdaşlarının bir il ərzində yerlərdə pozuntular haqqında sənədlərlə işinin yekunudur və ABŞ hökuməti üçün müstəqil siyasi tövsiyələr ehtiva edir.
Hesabat 31 yanvar 2014-cü ildən 31 yanvar 2015-ci ilə qədər olan dövrü əhatə edir, amma bir sıra hallarda bu dövrdən kənar hadisələri də əhatə edir.