YUNESKO-nun təşəbbüsü ilə 1999-cu il fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bu gün ana dilində təhsil hüququnun təmin olunmasını istəyən İran azərbaycanlıları dinc aksiyalar və imza toplama kampaniyaları keçirir. Dünya ölkələrində minlərlə azərbaycanlı bu kampaniyaya qoşulur. ABŞ-ın Miçiqan ştatında yaşayan tanınmış azərbaycanlı həkim Şapur Ənsari Amerikanın Səsinə müsahibədə Ana Dili gününün əhəmiyyətindən danışıb.
“Mənim üçün, mənim kimi minlərlə, milyonlarla azərbaycanlı üçün ana dili anadan olandan bizim üçün rəsmi dilidir” deyən doktor Ənsari bildirib ki, bu günün BMT tərəfindən təsis edilməsi İran kimi azlıqda olan millətlərin dilinə hörmət edilməyən ölkələrdə diqqəti məsələyə yönəltməkdən ibarətdir.
“Mənim üçün, mənim kimi minlərlə, milyonlarla azərbaycanlı üçün ana dili anadan olandan bizim üçün rəsmi dilidir” -Şapur Ənsari
Şapur Ənsarinin sözlərinə görə, İranda Azərbaycan dilinin işlənməsinin qarşısının hər vəchlə alınması siyasəti aparılır və buna nail olmaq üçün mediadan və bütün mümkün vasitələrdən istifadə edilir. Doktor Ənsari deyir ki, ana dilində təhsil almaq, ana dilində danışmaq imtiyaz məsələsi deyil, bu, hər bir insanın haqqıdır.
Şapur Ənsari özünün və ümumiyyətlə azərbaycanlıların ana dili məsələsinə xüsusi yanaşmasını qeyd edib: “Mən 52 ilə yaxındır Amerikada yaşayıram, mənimu uşaqlarım, nəvələrim hamısı Amerikada doğulub. Mən indi vaxtımı uşaqlarımla keçirə bilərəm, amma mən vaxtımı və əlimdən gələni bu məsələyə kömək etməyə sərf etməyə hazıram. Mənim üçün hər gün Ana Dili günüdür.”
"Ana dilində təhsil almaq, ana dilində danışmaq imtiyaz məsələsi deyil, bu, hər bir insanın haqqıdır."-Şapur Ənsari
Doktor Ənsari İranda azərbaycanlıların dil hüququnun pozulmasını mədəni aparteid adlandırıb.
O, İranda həbs edilmiş azərbaycanlı fəallardan danışaraq, tanınmış milli fəal Səid Mətinpuru xüsusi qeyd edib: “Onun günahı nədir? O deyib ki, İran konstitusiyasında bu maddə niyə icra edilmir? Dünyanın hansı ölkəsində siz konstitusiya ilə verilmiş qanunun icrasını tələb edən insanın 8 il həbsdə olduğunu görə bilərsiniz?”
"Dünyanın hansı ölkəsində siz konstitusiya ilə verilmiş qanunun icrasını tələb edən insanın 8 il həbsdə olduğunu görə bilərsiniz?”-Şapur Ənsari
Doktor Ənsari mədəni hüquqları uğrunda mübarizə aparan azərbaycanlılara pantürkçü ləqəbi verilərək, onların uzun müddətli həbs cəzalarına məhkum edildiklərini vurğulayıb. “Burada bir kriteriya yoxdur, hər kim ana dili ilə bağlı nəsə deyir, onun adı pantürkçü olur. Çoxlarını tuturlar, hər il bu məsələ qalxır. Bizim insanlarımızı, gəncləri tuturlar”-deyə doktor Ənsari bildirib.