Accessibility links

“Sərhədsiz Reportyorlar” Azərbaycanı həbsdə olan jurnalist və blogerləri azad etməyə çağırıb


“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini Avropa Oyunları başlayanadək həbsdə olan jurnalist və blogerlərin azad edilməsinə çağırıb.

Təşkilat həmçinin Avropa Olimpiya Komitəsini KİV nümayəndələrini repressiyaları pisləməyə səsləyib. Bu barədə təşkilatın bəyanatında deyilir.

“Özünü böyük idman tədbirinin sahibi kimi təqdim edən Azərbaycan hakimiyyətinin jurnalistləri öz tənqidi fikirlərinə və araşdırmalarına görə təcrid etməsi yolverilməzdir”, - təşkilatın Almaniya üzrə icraçı direktoru Kristian Mir bildirib.

“Avropa Olimpiya Komitəsi Azərbaycan hakimiyyəti ilə əlbir olmamalı, Avropa Oyunları ərəfəsində mətbuata qarşı repressiyaları pisləməlidir”, o əlavə edib.

“Hazırda Azərbaycanda azı 8 jurnalist və bloger həbsdədir. Həbslər, repressiyalar və iqtisadi təzyiqlər onsuz da az olan müstəqil və müxalifət KİV-in işini çətinləşdirir”.

Son repressiya dalğasına məruz qalanlar sırasında media hüquqları ilə məşğul olan QHT-lər də var. Azərbaycanda siyasi məhbusların ümumi sayı 80 nəfərə yaxındır.

Həbsdə olan jurnalistlər arasında Rauf Mirqədirov, Xədicə İsmayılova, Seymur Həzi və başqaları var.

Azərbaycanda tənqidçi KİV-lər ötən ilin yayından başlayan repressiyaların qurbanları olub.

Belə ki, polis “Azadlıq” radiosunu bağlayıb, rus dilli “Zerkalo” qəzeti bağlanıb, “Azadlıq” qəzeti çox çətinliklə nəşr olunur. Qəzet böyük miqdarda cərimələrə məruz qalıb. Eyni zamanda KİV-ə Dövlət Dəstəyi Fondunun digər çap orqanlarına ayırdığı vəsaitdən məhrum edilib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Amerikanın İREX təşkilatı və İnsan Hüquqları Evi də repressiya qurbanları olub. Onların fəaliyyəti dondurulub, bank hesablarına həbs qoyulub. RATİ-nin direktoru Emin Hüseynov onun ofisində axtarış aparıldıqdan və ölkəyə çıxışına qadağa qoyulduqdan sonra İsveçrə səfirliyində gizlənməyə məcbur olub.

Ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsi Emin Hüseynova 2008-ci ildə qanunsuz saxlanmasına və polis məntəqəsində zorakılığa görə 15 000 avro həcmində kompensasiya verilməsi barədə qərar çıxarıb.

2015-ci il fevraln əvvəlində “KİV haqqında” qanuna daha iki məhdudiyyət qəbul edilib.

Bundan sonra əgər KİV-in xaricdən maliyyə yardımı alması müəyyən edilərsə o bağlana bilər. Bundan əlavə, KİV il ərzində iki dəfə böhtanda günahkar bilinərsə bağlana bilər.

Azərbaycan Sərhədsiz Reportyorların 2015-ci il mətbuat azadlığı indeksi üzrə hesabatında 180 ölkə arasında 160-cı yeri tutur.

Azərbaycan hökuməti ölkədə söz və fikir azadlığının tam təmin edildiyini, senzuranın aradan qaldırıldığını bildirir. Rəsmi Bakı ölkədə fikirlərinə və ifadələrinə görə həbsdə olanların olmadığını bəyan edib. “Azərbaycanda siyasi məhbus yoxdur”, Azərbaycan prezidenti Avropa Şurası Parlament Assambleyasındakı çıxışında bildirib.

Bununla yanaşı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları ölkədə 27-dən 80-dək siyasi məhbus olduğunu iddia edir.

Amnesty İnternational (Beynəlxalq Əfv) Azərbaycanda 30-dan çox insanı “vicdan məhbusu” elan edib. Həbsdə olan jurnalistlərin də hamısı vicdan məhbusu kimi tanınıb.

XS
SM
MD
LG