Aprelin 26-da Bakıda Birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi Atəşgahdan başlayıb.
Mərasimdə prezident İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak edib.
Dövlət başçısı məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verib.
Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başlayıb. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və təxminən 5500 kilometr məsafə qət edəcək.
Oyunların açılış mərasimində məşəl Bakı Olimpiya Stadionuna gətiriləcək.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropa Oyunlarını keçirməyə tam hazırdır.
“Bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Əminəm ki, biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik”.
Dövlət başçısı əmindir ki, idman bayramına gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaq.
“Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!”, o qeyd edib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə deyib ki, Azərbaycan oyunlara hazırlıq zamanı dünya rekorduna imza atıb.
“Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıb. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”, o qeyd edib.