Bu yaxınlarda Kann kino-festivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil edildi və bu pavilyonda `Sahə` filmi də nümayiş etdirildi. Müsahibim Nərimanfilm kino-studiyasının istehsalı olan `Sahə` filminin produseri Nəriman Məmmədovdur.
Sual: Ümumiyyətlə festival necə keçdi?
Nəriman Məmmədov: Festival çox maraqlı, bəhrəli keçdi. Festival proqramı çərçivəsində Avropa və Amerikanın aparıcı kino yaradıcıları, satış agentləri, beynəlxalq kino-festivallarının nümayəndələri ilə bir sıra görüşlər keçirdik. Bu görüşlərdə ümumilikdə Azərbaycan və Azərbaycan kinomatoqraflarının işlərinə böyük maraq hiss olunurdu.
Sual: Azərbaycan pavilyon nədən ibarət idi?
Cavab: Kann fesitvalında ilk dəfə idi ki, Azərbaycan pavilionu təqdim edildi və bu pavilyonda Azərbaycan kino sənayesi, Azərbaycanda çəkilmiş filmlər haqda və Azərbaycan kino sənayəsinin imkanları haqqda məlumat verildi. Son işlərdən nümunə kimi `Sahə` və `Aktrisa` filmləri nümayiş etdirildi. Bundan başqa, Azərbaycan kinomatoqraflarının qısametrajlı filmləri də təqdim edildi. Mən əminəm ki, yaxın vaxtlarda Azərbaycan filmləri də Kann festivalında iştirak edəcək.
Sual: Pavilyonun təşkil edilməsində hansı təşkilatlar kömək göstərib?
Cavab: Pavilyon Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə baş tutdu. Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Nərimanfilm kino-studiyasının nümayəndələri, o cümlədən, Azərbaycanfilm fondunun rəhbəri Cəmil Quliyev festivalda iştirak etdilər.
Sual: Bu yaxınlarda `Sahə` filmi azərbaycanlı tamaşaçılara nümayiş etdirilib. Tamaşaçıların filmə reaksiyası necə oldu?
Cavab: Bəli, bir neçə gün bundan əvvəl Park Bulvar mərkəzindəki kino-teatrda `Sahə`filmi növbəti dəfə nümayiş etdirildi. Bu film kino-teatrın rəhbərliyi və Nərimanfilm tərəfindən nümunə kimi kino-teatrların ekranlarına çıxarıldı. Bunun məqsədi Azərbaycan tamaşaçısının Azərbaycanda istehsal olunmuş yeni filmlərə reaksiyasını öyrənməkdən ibarət idi. Reaksiya çox müsbət oldu. Baxmayaraq ki, `Sahə` filmi ilə `Pirates of the Caribbean`filminin premyerası kino-teatrda eyni vaxta göstərilirdi, zal `Sahə`filmini izləməyə gələn tamaşaçılarla tam dolu idi. İki gün davam edən filmin nümayişini tamaşaçılar böyük maraqla izləyirdilər.
Sual:`Sahə` filmi nə zaman satışa çıxarılacaq və tamaşaçılar bu filmi harada izləyə bilərlər?
Cavab: Hal-hazırda dünyada aparıcı satış agentlikləri ilə kino-teatrlar və televiziyada nümayişlərə dair satış hüquqları üzrə danışıqlar aparırıq. Düşünürəm ki, bu danışıqlar başa çatar-çatmaz `Sahə` filmini kino-teatrlarda, televizya ekranlarında, internet vasitəsi ilə, eyni zamanda DVD-lərdə izləmək olacaq. Amma hələlik `Sahə` filmi Los Ancelesdə, Moskvada və Gürcüstanda nümayiş etdirilib. İyun ayının əvvəlində filmin Ukraynada nümayişi gözlənilir. Yəni, tədricən filmin nümayişi xarici ölkələrə yayılır.
Sual: Nərimanfilm yeni layihələr üzərində işləyirmi?
Cavab: Bəli, hal-hazırda iki bədii film üzərində işlər aparırıq. Bu filmlərdən biri `İmtahan`, o birisi isə `Leonardo dəhlizi`adlanır. Düşünürəm ki, 2012-ci 2013-cü illərdə bu filmlərin istehsalına başlayacayıq. Bu filmlərin hər ikisinin istehsalında Avropanın aparıcı ölkələri iştirak edəcək. Artıq bizim gürcüstanlı ortaqlarımız filmlərin çəkilişində iştirak edəcəklərini təsdiqləyiblər. Hal-hazırda bizim Rusiya, Ukrayna, Fransa və Almaniya prodüserləri ilə danışıqlarımız başa çatmaq üzrədir və mən ümid edirəm ki, yaxın müddətdə biz Azərbaycan və dünya tamaşaçılarına öz yeni filmlərimizi təqdim edə biləcəyik.