Accessibility links

Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib


Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib
Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib

O Azərbaycan prezidenti İlham Əliyev, hökumət rəsmiləri və energetika sahəsində işləyən şirkətlərin rəhbərləri ilə faydalı görüşlər keçirdiyini deyib.

“Amerika uzun müddətdir ki, Transxəzər qaz kəmərini dəstəkləyir. İlk öncə Avropa İttifaqı, Azərbaycan və Türkmənistan arasında ümumi razılıq əldə edilməlidir. Yalnız bundan sonra kəmərin tikintisi ilə bağlı fikir söyləmək olar”. Bu barədə ABŞ dövlət katibinin Avrasiyada enerji diplomatiyası üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar bu gün Bakıya səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarının cavabında bildirib.

O səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, hökumət rəsmiləri və energetika sahəsində işləyən şirkətlərin rəhbərləri ilə faydalı görüşlər keçirdiyini deyib. “Azərbaycan prezidenti ilə müsbət və pozitiv müzakirələrimiz olub. Mən bir müddət öncə qazın satışı və tranziti ilə bağlı Türkiyə ilə Azərbaycan arasında əldə edilmiş razılığa görə prezidenti təbrik etdim. Bu sazişin Cənub dəhlizi layihəsinin davam etdirilməsi baxımından əsas təkan olması ilə bağlı mülahizələrimizi bölüşdük. Eyni ilə də Cənub dəhlizi çərçivəsində mümkün müxtəlif layihələr barədə müzakirə apardıq. Hər iki tərəf qazın Avropaya çatdırılmasında kommersiya baxımından bütün tərəflər üçün əhəmiyyətli layihəni dəstəkləyəcəyi barədə razılığa gəldi”.

Cənab Morninqstar eyni zamanda Azərbaycan və Amerikanın Cənub dəhlizi layihəsinə sadiq olduğunu və Türkiyə-Azərbaycan sazişinin bunun reallaşması baxımından əhəmiyyətini qeyd edib. “Amerika və Azərbaycan bütün enerji məsələlərində əhəmiyyətli, zəruri ümumi ortaq razılığa malikdir. Hər iki tərəf Cənub dəhlizinin zaman keçdikcə necə inkişaf edəcəyi barədə ortaq mövqeyə malikdir”.

O, deyib ki, Amerika Nabucco-nun tikintisi ilə bağlı siyasi dəstəyini təklif edib və bundan sonra da dəstəyini davam etdirəcək. “Nabucco-nun tikintisi siyasi və strateji cəhətdən mühüm olardı. Kəmərin tikintisinə Amerika şirkətləri cəlb olunarsa Amerika idxal-ixrac bankı tərəfindən tikinti fəaliyyətinin maliyyələşdirilməsinə maliyyə vəsaiti yönəltmək mümkündür”.

Xüsusi nümayəndə bir daha bəyan edib ki, Amerika Cənub dəhlizindən keçən istənilən layihəni dəstəkləyəcək. “Bir şərtlə ki, bu kəmərlər Nabucco-dan kiçik tutumlu olmalıdır. Çox aydın zəmanət verilməlidir ki, bu kəmərin genişləndirilməsi imkanları olsun. Zərurət yarandıqda bu kəməri genişləndirmək mümkün olmalıdır. Bir daha təkrar edirəm ki, biz Nabucco-nu bu baxımdan dəstəkləyirik ki, onun tikintisi strateji və siyasi baxımdan əhəmiyyətlidir. Digər kəmərlərin isə gələcəkdə həcminin artırılmasına imkan olmalıdır”.

Cənab Morninqstar İran ətrafında baş verən hadisələr, Rusiya və İranın Transxəzər layihəsinə əks olan bəyanatlarına cavab verməkdən yayınıb. O İranla bağlı suallara cavab verməyəcəyini deyib. “Hamı Amerikanın mövqeyini bilir. Mən hipotetik suallara cavab vermirəm”- deyə xüsusi nümayəndə sualdan yayınıb.

O həmçinin İraq qazının nə vaxtsa Türkiyə vasitəsi ilə Cənub dəhlizi ilə daşınmasını real sayıb. “İraq rəsmiləri qeyd edib ki, bu ölkənin qazının Türkiyə vasitəsi ilə Cənub dəhlizi ilə daşınmasını istəyirlər. İraq qazı ölkənin elektrik enerji ilə təmin edilməsi üçün bəs edir. Cənub dəhlizi ilə keçməsi də baş verə bilər. Amma, hazırda bunun nə vaxt baş verəcəyi ilə bağlı vəziyyətdə deyilik”, - deyə o qeyd edib.

XS
SM
MD
LG