Ərəb Liqası Suriyada zorakılıqların vüsət almasını əsas gətirərək həmin ölkədəki müşahidəçi missiyasını dayandırır. Amma, liqanın rəsmiləri müşahidəçilərin növbəti açıqlama verilənədək Suriyada qalacağını bildirib.
Ərəb Liqasının baş katibi Nabi ƏlArabi zorakılıqlara görə Bəşar əl-Əsəd hökumətini günahlandıraraq ölənlərin "dinc vətəndaşlar" olduğunu deyib.
Bir aydan çoxdur ki, missiya Suriyada rejimin etiraz dalğasına qarşı basqılarını monitorinq edir. Ərəb Liqası prezident Bəşar əl-Əsədi hakimiyyəti öz müavininə təhvil verməyi və növbəti seçkilərə hazırlıq işləri görəcək milli birlik hökuməti yaradacaq plan irəli sürməyə çağırıb.
Ötən günlərdə Suriyada 70-dən çox adam öldürülüb. Fəallar təkcə cümə günü hökumət qüvvələrinin 37 adamı öldürdüyünü bildirirlər.
Ərəb Liqası missiyasının rəhbəri çərşənbə axşamından bəri Suriyada zorakılıqların vüsət aldığını deyir. Zorakılıqlar daha çox Homs və Həma şəhərlərində, habelə şimali İdlib regionunda qeydə alınıb.
Ərəb Liqasının baş katibi Nabi ƏlArabi və Qatarın baş naziri gələn həftə BMT Təhlükəsizlik Şurasını missiyanın fəaliyyəti haqda məlumatlandıracaqlar.
Ərəb Liqasının həmçiin gələn həftə rəsmən Təhlükəsizlik Şurasına rejim dəyişikliyi və milli birlik hökuməti yaradılması barədə plan təqdim edəcəyi gözlənilir.