Həbsdə olan jurnalisti Rauf Mirqədirovun anası Rəfiqə İsayeva Azərbaycan dövlətinə, ictimaiyyətə, ziyalılara, hüquqşünaslara müraciət edib.
Musavat.com saytının yaydığı müraciəti təqdim edirik:
“İki ilə yaxındır ki, mənim oğlum, respublikanın əməkdar jurnalisti Rauf Mirqədirov ağır ittihamla həbsdədir. Bu günlərdə nəhayət ki, onun məhkəməsi başlamalıdır. Vicdanını qələminin müqəddəsliyinə təslim edən vətənpərvər bir ziyalının “vətən xaini” adi ilə damğalanması Azərbaycan üçün rüsvayçılıqdır. Mən hər bir namuslu Azərbaycan vətəndaşına müraciət edirəm. Rus dilli Azərbaycan mətbuatının ən namuslu, sabit nümayəndələrindən biri olan oğlumun taleyinin həllində köməyinizi əsirgəməyin. Əməkdar jurnalist, tanınmış ziyalı, jurnalistikaya aid bütün mükafatların laureatı, ömrünü müstəqil dövlətçiliyimizin qurulmasına sərf edən, gündəlik təhlilləri ilə dövlətçiliyimizi daha da möhkəmləndirməyə çalışan Rauf Mirqədirov vətənə xəyanət edə bilməz. Özü də maddi maraq zəminində. Raufa öz vətənimizdə pullu nəşrlərdə iş təklifləri gəlirdi, lakin o rədd edirdi. Heç bir maddiyat onu əqidəsindən döndərə bilmir, fikirlərindən, şəxsiyyətindən qiymətli ola bilməzdi. Azərbaycanziyalısını belə aşağılamaq, alçaltmaq yalnız dövlətimizin, xalqımızın düşmənlərinə sərf edir. Rica edirəm, bu şərə, böhtana, iftiraya son deyin. Rauf kimi vətənpərvər ziyanının belə ittihamla tutulması Azərbaycan tarixi üçün qara ləkə kimi qalacaq. Mən bir ana kimi, bir ağbirçək kimi sizə üz tuturam. Bir ana kimi sizdən xahişim məni gözü yaşlı qoymamağınızdırsa, dünya görmüş ağbirçək kimi sizdən istəyim tarix qarşısında utanc olacaq bir ədalətsizliyin, Allah qarşısında isə böyük günahın qarşısını almağınızdır", müraciətdə qeyd edilir.
Xatırladaq ki, həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
R. Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi iləittiham olunur.
Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Həbsin səbəbi Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.
L.Yunus və həyat yoldaşı Arif Yunus barəsində dövlətə xəyanət ittihamı ayrıca icraata ayrılıb və onlar iqtisadi cinayətlərə görə mühakimə olunublar.