Accessibility links

Rasim Musabəyov: Müharibə başlasa neft və qazın nəqli pozular, Rusiya qazanar, Azərbaycan və qərb uduzar [Video-Müsahibə]


Rasim Musabəyov: Müharibə başlasa neft və qazın nəqli pozular, Rusiya qazanar, Azərbaycan və qərb uduzar
please wait

No media source currently available

0:00 0:07:23 0:00

Rasim Musabəyov: Müharibə başlasa neft və qazın nəqli pozular, Rusiya qazanar, Azərbaycan və qərb uduzar

Milli Məclisin deputatının Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin deputatı Rasim Musabəyov Amerikanın Səsinə müsahibəsində son zamanlar Ermənistan-Azərbaycan cəbhəsində yaranmış gərgin durum, aktiv hərbi əməliyyatların başlanma ehtimalı, dünya güclərinin regiondakı maraqlarından danışıb.

Amerikanın Səsi: Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin günbəgün artması aktiv hərbi əməliyyatlara yol aça bilərmi? Ermənistan prezidenti aktiv hərbi əməliyyatlar olarsa qabaqlayıcı tədbirlər görəcəyini bildirib. Münasibətiniz necədir?

Düşünmürəm ki, belə bir vəziyyətdə Azərbaycan və ya Ermənistan böyük müharibəyə maraqlı olsun.

Rasim Musabəyov: Əvvəla gərginliyin artan da, aşağı düşən dövrləri də olub. Burada hələ fövqəladə nə isə baş vermir. Doğrudur, itkilərin sayı artıb. Ancaq, mən gözləmirəm yaxın zamanda bu, bilavasitə ağır texnikadan istifadə olunması, hücum əməliyyatları, yəni müharibənin bərpa olunmasına gətirib çıxarsın. Azı ona görə ki, indi Ermənistan qondarma soyqırım ilə bağlı tədbirlər keçirməyə hazırlaşır. Düşünmürəm ki, belə bir vəziyyətdə Azərbaycan və ya Ermənistan böyük müharibəyə maraqlı olsun. Onun arxasınca da Azərbaycanda 1-ci Avropa Olimpiya Oyunları olacaq. Adətən bu dövrdə sülhü qorumağa meylli olurlar.

O da aydındır ki, müharibə dayandırılıb, ancaq qurtarmayıb. Tam istisna etmək ki, hansısa bir məqamda, hansısa başı havalanmış bir komandir ağır texnikadan istifadə etmək qərarına gəlsin, o qərarı versin və heç də tərəflərin istəmədiyi şəkildə kifayət qədər qanlı toqquşmaların bərpasına gətirib çıxara bilər.

Amerikanın Səsi: Bu gərginlikdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan xarici işlər naziri ilə görüşdü. Eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədri bəyanatla çıxış etdi, həmsədrlər də birgə bəyanatla çıxış etdi. Necə qiymətləndirirsiniz?

Bu əslində, mənə elə gəlir ki, məsuliyyətdən və prinsipial mövqe tutmaqdan boyun qaçırmaqdır.

Rasim Musabəyov: Bilirsiniz, mənə elə gəlir ki, bunlar dalbadal belə bəyanat verməklə özlərinin o qədər də yüksək olmayan nüfuzlarını daha da aşağı endirirlər. Nə demək istəyirlər? Ermənistan gəlib Azərbaycanın torpaqlarını işğal edib və Azərbaycanın torpaqlarından çəkilmək niyyətində də deyil. Yenə də prinsipial mövqe tutmayaraq bütün müraciətlər ona hesablanıb ki, hə siz atəşkəsə əməl edin, danışıqları aparın, özünüzü konstruktiv aparın, etimad yaradın. Bu əslində, mənə elə gəlir ki, məsuliyyətdən və prinsipial mövqe tutmaqdan boyun qaçırmaqdır. Bundan başqa bir şey deyil. Konkret qərarlar var. O qərarlar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Ona əməl edilməlidir və bu qətnamələr çərçivəsində həm atəşkəsə əməl etmək, həm işğal olunmuş ərazilərdən işğalçı qoşunları çıxarmaq lazımdır. Bu ikinci hissə ilə bağlı əslində həmsədrlər bərabər müraciətlə prinsipial mövqe tutmaqdan boyun qaçırırlar. Mən əslində bilmirəm ki, onların bəyanatlarının hansı əhəmiyyəti var.

Amerikanın Səsi: Münaqişənin danışıqlar yolu ilə həll olunmadığı bir vaxtda vəziyyətdən çıxışı nədə görürsünüz?

Azərbaycanın tam haqqı çatır ki, Ermənistanın işğalçı qüvvələri ki, hansı ki, Azərbaycan torpağında tamamilə qanunsuz, beynəlxalq hüquqa zidd şəkildə toplaşıb, onlara elə preventiv zərbə endirsin.

Rasim Musabəyov: Azərbaycan ərazisində, öz torpağımızda toplaşan qoşunlarımıza bunlar preventiv zərbə endirmək istəyirlərsə və bunu dilə gətirirlərsə, Azərbaycanın tam haqqı çatır ki, Ermənistanın işğalçı qüvvələri ki, hansı ki, Azərbaycan torpağında tamamilə qanunsuz, beynəlxalq hüquqa zidd şəkildə toplaşıb, onlara elə preventiv zərbə endirsin. Böyük dövlətlər ki, Ermənistanı himayə edirlər, onlara yüz milyon dollarlarla cürbəcür yardımlar, kreditlər verirlər, demirəm sanksiya tətbiq olunsun. O kreditləri verəndə, yardımları edəndə azı şərt qoyulsun ki, o halda o pullar iqtisadi böhrandan özünü qurtara bilməyən Ermənistanı böhrandan çıxarılması üçün o halda veriləcək ki, zəhmət çəkib öz işğalçı iddialarından əl çəksinlər.

Amerikanın Səsi: Hərbi qarşıdurma aktivləşərsə dünya güclərinin regionda toqquşan maraqlarında hansı dəyişiklik yarana bilər?Azərbaycan bundan nə qazana bilər?

Yəni təklifin tələbatı üstələməsi təxminən bir milyon bareldir. Elə Bakı-Tbilisi-Ceyhanla da gündə bir milyon barelə yaxın neft bazara daxil olur.

Rasim Musabəyov: Bilirsiniz, Azərbaycan heç nə qazanmaq niyyətində deyil. Azərbaycan sadəcə olaraq öz ərazi bütövlüyünü bərpa etmək mövqeyindədir və istəyindədir. O ki, qaldı qazanc, mən istisna etmirəm ki, təbii bundan ilk növbədə Rusiya qazanmaq istəyir. Bildiyiniz kimi, bu gün neft bazarında təklif tələbatı üstələyir. Bunun nəticəsində qiymətlər aşağı düşür və fərq elə də böyük deyil. Yəni təklifin tələbatı üstələməsi təxminən bir milyon bareldir. Elə Bakı-Tbilisi-Ceyhanla da gündə bir milyon barelə yaxın neft bazara daxil olur. Yəni münaqişə başladığı halda neft və qazın nəqli pozulacaqsa Avropanın Rusiyanın həm neftinə, həm qazına ehtiyacı artacaq, qiymət artacaq və bundan birinci növbədə təbii ki, Rusiya qazanacaq. İstisna etmirəm ki, o cümlədən gərginlikdən, müharibədən istifadə edərək Rusiya çalışacaq bölgəyə ayrıcı qüvvə kimi soxulsun. Amma, fərz edirəm ki, bunu Azərbaycan rəhbərliyi də çox gözəl bilir və Azərbaycanın qərb partnyorları, Türkiyə də çox yaxşı bilir. Azərbaycan süni şəkildə heç bir xarici qüvvəni gətirib burada ayırıcı qüvvə kimi mövcudluğunu təmin etmək niyyətində deyil. Ancaq, təkrar edirəm, öz torpaqlarından da heç kəsə güzəştə getmək niyyətində deyil.

Amerikanın Səsi: Elə isə Azərbaycan rəsmiləri niyə Amerika və qərbi tənqid edir? Rusiya əleyhinə danışmırlar. Səbəb nədir?

İndiki Amerika administrasiyası boynunu kənara çəkir, ancaq ayrı məsələlərdə gəlib bizə leksiya oxumaq istədiyi halda, təbii bunun cavabı kifayət qədər sərt olacaq.

Rasim Musabəyov: Gəlib bizə dərs demək əvəzinə zəhmət çəksinlər, əlləri çatan məsələlərdə prinsipial mövqe tutsunlar. Zəhmət çəksinlər, yəni bunlar insan haqlarından danışırlarsa bir milyon evsiz-eşiksiz qalan bizim qaçqınların öz yurdlarına qayıtmaqlarına kömək etsinlər. Sonra gəlib burada ayrı məsələlərlə bağlı bizə leksiya oxusunlar. Əslində Azərbaycanın reaksiyası budur ki, bizim başımıza ağıl qoymaq əvəzinə zəhmət çəkib fövqəldövlət məsuliyyətini yerinə yetirin. Azərbaycan heç kəsdən, heç bir yardım istəmir ki, gəlib bizim başımıza ağıl qoysunlar. Biz əsas məsələlərimizin həlli ilə yanaşı, Amerika ilə də partnyorluğumuzu pozmamışıq. Yəni Əfqanıstana tranziti öz yerində, böyük enerji layihələrində əməkdaşlığımız var. Ancaq, təkrar edirəm, elə məsələlər var ki, hansı ki, indiki Amerika administrasiyası boynunu kənara çəkir, ancaq ayrı məsələlərdə gəlib bizə leksiya oxumaq istədiyi halda, təbii bunun cavabı kifayət qədər sərt olacaq.

XS
SM
MD
LG