Ermənistan-Azərbaycan cəbhəsində durum gərginləşməkdə davam edir. Son günlər artıq iri çaplı silahların atəşləri intensivləşib və itkilər artıb. Tərəflər bir-birini diversiya-təxribat qrupları vasitəsi ilə digərinin mövqeyinə girərək təxribat törətməkdə günahlandırır.
Belə ki, Ermənistan Müdafiə Nazirliyi yanvarın 24-də Azərbaycan Ordusunun diversiya qrupununun hücum cəhdinin qarşısını aldığını və nəticədə Azərbaycan tərəfinin 14 nəfər itki verdiyini bildirir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə bildirir ki, Ermənitsan tərəfinin dedikləri həqiqətə uyğun deyil.
"Son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıb.
Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb”.
Mətbuat xidmətinin məlumatına görə yanvar ayı ərzində erməni tərəfi 17 hərbi qulluqçusunu itirib, 20-dək hərbçisi yaralanıb.
Müdafiə Nazirliyinin məıtbuat xidməti bildirir ki, Ermənistan Ordusunun hücumlarının qarşısı alınan zaman Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu həlak olub, yaralananlar var.
Müdafiə Nazirliyi xüsusi olaraq qeyd edir ki, xalqıdan həqiqəti gizlətmir.
"Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir”, mətbuat xidmətinin məlumatında deyilir.