Vyanada İran rəsmiləri ilə BMT-nin nüvə agentliyinin rəsmiləri arasında danışıqlar başlayıb. Bu arada ABŞ-da yayımlanan qəzet İranın ziddiyyətli nüvə proqramına görə ona qarşı tətbiq edilən sanksiyalardan yayınmaq məqsədilə bir neçə dəfə dəniz qanunlarını pozduğunu yazır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmilərinin ikigünlük danışıqlar zamanı Tehran yaxınlığındakı Parçin hərbi bazasına daxil olmaq üçün İrana qarşı təzyiq göstərəcəkləri gözlənilir. İran hələ BMT-nin bazalara daxil olma xahişini cavablandırmayıb. BMT rəsmiləri bu bazalarda İranın partlayış sınaqları keçirmək üçün konteynerlərin inşa edildiyini ehtimal edir.
Qərb diplomatları İranın BMT müfəttişlərinin bazaya girmələrindən əvvəl dəlilləri aradan qaldırmaq üçün vaxt udmağa çalışdığını ehtimal edirlər. Tehranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında danışıqların may ayının 23-ü Bağdadda keçiriləcəyi nəzərdə tutulur.