Accessibility links

İranda iki azərbaycanlı jurnalistin həbsxanada durumu


İranda iki azərbaycanlı jurnalistin həbsxanada durumu
İranda iki azərbaycanlı jurnalistin həbsxanada durumu

İranda 8 il həbsə məhkum olunmuş azərbaycanlı jurnalist Səid Mətinpurun vəziyyəti yenidən pisləşib. 2010-cu ildə “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının söz azadlığı uğrunda dinc fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” seçdiyi Əbdülrza Tacik isə 6 illik həbsə məhkum olunub.

İranda həbsdə olan azərbaycanlı jurnalist və insan hüquqları müdafiəçisi Səid Mətinpurun vəziyyəti yenidən pisləşib. İran rejimi jurnalistin müalicəsinə şərait yaratmaqdan boyun qaçırıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlı Musavat.com saytına bildirib ki, bir neçə dəfə infarkt keçirən cənab Mətinpurun həyatı təhlükə qarşısındadır. “Səid Mətinpur bunlardan əlavə ETTELAAT təcridxanasında işgəncələrə məruz qaldığı zaman da bir çox xəstəliklərə düçar olub. O, həm də onurğa sümüyünün kəskin ağrısından, baş ağrılarından əziyyət çəkir”.
Səid Mətinpur 2007-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanaraq 9 ay ETTELAAT-ın təcridxanasında işgəncələrə məruz qalıb. Sonradan girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. Ancaq, 2009-cu ilin iyul ayında mühakimə olunub və 8 il həbs cəzasına məhkum edilib. Hazırda o, Evin həbsxanasının 209-cu bölməsində saxlanılır.

Media Forum saytının məlumatına görə isə İranda islahatçı qəzetlərlə əməkdaşlıq edən məşhur jurnalist, 2010-cu ildə “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının söz azadlığı uğrunda dinc fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” seçdiyi Əbdülrza Tacik 6 illik həbsə məhkum olunub. Tehran məhkəməsi Əbdülrza Taciki ictimai fikri yayındırmaq məqsədilə yalan məlumatlar yaymaqda təqsirli bilib.

Jurnalistin vəkili Məhəmməd Şərif ittihamı rədd edərək hökmdən apellyasiya şikayəti veriləcəyini vurğulayıb.

2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra iki dəfə həbsə salınan, hər dəfə də mülk girovu qarşılığına şərti azadlığa çıxan Əbdülrza Tacik axırıncı dəfə 2010-cu ilin iyununda tutulmuş və həmin il dekabrın 22-də 500 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Bu həbslər zamanı o, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və qanunsuz qruplara üzv olmaqda günahlandırılırdı.

Əbdülrza Tacik İranın “Fəth”, “Bünyan”, “Bahar” və “Şərq” qəzetləri ilə əməkdaşlıq edib, həmçinin Hüquq Müdafiəçiləri Qurumunun üzvüdür.

XS
SM
MD
LG