Accessibility links

Qəzzafi sonda nə edə bilər? (audio)


Qəzzafi sonda nə edə bilər? (audio)
Qəzzafi sonda nə edə bilər? (audio)

Paytaxt Tripoliyə hücum edən müxalifət qüvvələri polkovnik Qəzzafinin rejiminə son qoymağa yaxınlaşdıqlarını iddia edirlər.

Lakin şəhərdaxili döyüşlərin yenilənməsi 42 il hakimiyyətdə olan Liviya liderinin hakimiyyətdən asanlıqla getməyəcəyinin göstəricisidir. Tripoli şəhərinin bəzi yerlərində güllə səsləri və partlayışlar hələ də eşidilməkdədir. Paytaxtın mərkəzinə daxil olmağa müvəffəq olan müxalifət qüvvələri Liviya liderinin oğlu Seyf əl-İslamı ələ keçirdiklərini iddia edir. Onun sonradan tərəfdarları qarşısına çıxması hökmran ailəni devirmək istəyən müxalifət qüvvələrinin çətinliklə üzləşməsi deməkdir. Ceyn Kinninmont London analitik qrupun Şimali Afrika proqramında tədqiqatçıdır.

Ceyn Kinonmont: `Sözün düzü Liviya uzun müddət repressiyaya məruz qaldığına görə biz bilmirik polkovnik Qəzzafinin hal-hazırda cəmiyyətdə nə qədər dəstəyi var. Liviya Misirlə Tunisdən çox fərqlidir. Misir və Tunisdə milli ordu çox güclü idi və sonda ordu lideri dəstəkləməməyə qərar verdi. Liviyada isə vəziyyət çox fərqlidir. Qəzzafi heç zaman ordunun çox güclü olmasına imkan verməyib. Ona görə ki, o, çox ağıllıdır və hakimiyyəti saxlamağın yolunu bilir.`

Son günlərdə müxalifət qüvvələrinin geniş miqyasda ərazini öz əllərinə keçirməsinə baxmayaraq polkovnik Qəzzafi ölənə qədər döyüşəcəyini bildirib. Ceyn Kinninmontun sözlərinə görə Qəzzafi üçün ölümə alternativ qaçmaq və ya gizlənməkdir.

Ceyn Kinonmont: `Əlbəttə, ola bilsin ki, o, Liviyada qalmaq, gizlənmək seçimini etsin. Amma o, Səddam Hüseyn kimi bir müddət gizləndikdən sonra nəticədə ələ keçmək də istəməz və ya ölkəni tərk etməməyə qərar verərək ordunun onu müdafiə etməsini düşünən Hüsni Mübarək kimi sonda məhkəmə qarşısına çıxarılmasını da istəməz. Başqa tərəfdən əgər Qəzzafi ölkədən sürgün edilməyə razı olsa, onda o, iki risklə üz-üzə qala bilər. Birincisi o, beynəlxalq məhkəmə ilə üzləşə bilər, ikincisi o, qisas hücumuna məruz qala bilər.`

Beynəlxalq Cinayət Məhkəməsi Müəmmar Qəzzafi ilə onun Liviya hərbi kəşfiyyatına rəhbərlik etdikləri ehtimal edilən oğulları Seyf əl-İslam və Abdulla əl-Senussiyə qarşı həbs orderi çıxarıb. Müxalifət qüvvələrinin polkovnik Qəzzafini devirməyə müvəffəq olacağı təqdirdə onun yerinə kim gələcəyi daha da çox qeyri-müəyyənlik doğurur. Kinninmont deyir ki, Liviya üsyanının dinamikası ərəb dünyasının başqa hissələrində baş verən üsyanlardan çox mürəkkəbdir və Liviyada baş verənlərin nəticəsi qeyri-müəyyən olmaqda davam edir.

XS
SM
MD
LG