Prezident İlham Əliyev dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.
“Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər", - deyə müraciətdə bildirilir.
Prezidentin fikrincə, Azərbaycanın 20 il ərzində nail olduğu uğurlar vətəndaşların əməksevərliyini, yüksək intellektual qabiliyyətini və qurub-yaratmaq əzmini bütün dünyaya əyani şəkildə nümayiş etdirir. “Müstəqilliyin ilk illərində ölkəni bürümüş böhranlı vəziyyət, xalqımızın düçar olduğu çətinlik və məhrumiyyətlər indi arxada qalıb, yoxsulluq və işsizliyin səviyyəsi minimuma enib. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirib, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıdıb”.
Dövlət başçısı deyib ki, bu il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə qələbə qazanmış Azərbaycanı 155 dövlətin dəstəkləməsi dünya birliyinin ölkəyə olan hörmət və inamının parlaq təzahürüdür. “Müasir dövrdə dünyada gedən proseslərin axarı sürətlə dəyişir. Qlobal, regional və lokal səviyyələrdə meydana çıxan problemlər, təhlükəli meyllər ağır iqtisadi böhranlara və sosial təlatümlərə yol açır, beynəlxalq əlaqələrə güclü təsir göstərir. Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı müəyyənləşdirdiyimiz yeni məqsədlərə çatacağımıza əminlik yaradır”.
Cənab Əliyev bildirib ki, hələ də qarşıda həllini tapmayan vəzifə - Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma ocağına dönməsinin təmin edilməsi dayanır. “Şübhə etmirəm ki, biz tezliklə bu çətin problemin də öhdəsindən gələcək, dünyanın gözü qarşısında törədilən işğala və haqsızlığa son qoyacağıq”, - deyə müraciətdə qeyd edilir.