Accessibility links

İlham Əliyev: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi böyük qələbədir


İlham Əliyev: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi böyük qələbədir
İlham Əliyev: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi böyük qələbədir

Prezident bildirib ki, dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir.

Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə bəyanatla çıxış edib.
Prezident Azərbaycanın BMT TŞ-yə seçilməsini ölkənin həyatında çox əlamətdar və tarixi hadisə adlandırıb, böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edib. “Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür”, - o vurğulayıb.

Dövlət başçısı Azərbaycana inanan, güvənən, böyük hörmət göstərən bütün ölkələrə minnətdarlığını bildirib: “Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcək”.

O, qeyd edib ki, ölkə daxilində aparılan islahatlarla bərabər, xarici siyasət də çox çevik və uğurludur: “Bizim xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir. Bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Mən dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, dünyada dostlarımız kifayət qədər çoxdur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir”.

Cənab Əliyev ölkənin müstəqilliyi dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsinin doğrudan da tarixi nailiyyət olduğunu bildirib. “Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü tanıdıb. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm”, - dövlət başçısı vurğulayıb.

XS
SM
MD
LG