Accessibility links

Polad Aslanovun apellyasiya şikayəti təmin edilməyib


Aclıq aksiyası keçirən jurnalistin apellyasiya şikayəti təmin olunmayıb
please wait

No media source currently available

0:00 0:03:39 0:00

Fevralın 15-d Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə xeberman.com və press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovun apellyasiya şikayəti təmin edilməyib.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə Amerikanın Səsinə Gülmirə Aslanova bildirib.

Onun sözlərinə görə, məhkəmə prosesi açıq keçirilsə də, media nümayəndələri iclas zalına buraxılmayıb.

Gülmirə Aslanova deyir ki, bu günki məhkəmə prosesində Polad Aslanov son söz deyib. O bildirib ki, həyat yoldaşının səhhətində ciddi problemlər yaranıb.

“Rəngi ağarmışdı. Səhhəti çox pisdir. Hətta son söz deyərkən belə əlindəki vərəqlər əsirdi.Hakimdən xahiş elədi ki, son sözünü əyləşərək söyləsin. Hakim buna icazə verdi” - deyə, o bildirib.

Gülmirə Aslanova bildirib ki, Polad Aslanov bir daha həbsinin siyasi sifariş olduğunu, hətta vəsiyyatnamə hazırladığını bildirib. O, ölərsə ölümünün birbaşa qatili Azərbaycan hakimiyyəti olduğunu qeyd edib.

Həyat yoldaşı Polad Aslanovun hələ də aclıq aksiyasının davam etdirdiyini və bundan sonra da davam etdirəcəyini deyib.

Onun sözlərinə görə aiddiyyatı qurumlar Polad Aslanovun səhhəti ilə maraqlanmır.

“Buradan Ombudsmana səslənirəm necə o nəzarət altındadır ki, “ Onun 15 gündür qan təzyiqi yoxlanılmır. Onun çəkisi çəkilməyib. Ona hər hansı bir tibbi nəzarət yoxdur. O, kamera şəraitində saxlanılır. O, otaq yoldaşı ilə birlikdə saxlanılır. Mənə aidiyyatı üzrə bütün qurumlar cavab verəcək.”

Daha sonra bir qrup qadın fəallar Polad Aslanova azadlıq tələbi ilə aksiya keçiriblər. Onlar “Azadlıq”, “Siyasi məhbuslara azadlıq” şüarları səsləndiriblər. Bu zaman polislər aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıraq, onları avtobuslara doğru sıxışdırıb. Onlar apandemiya qaydalarına riayət etmələrini deyib. Aksiya iştirakçıları avtobusa minməyə etiraz ediblər.

Həbsdə olan xeberman.com və press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov 15 gündür aclıq edir. Jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Ombudsman Aparatının nümayəndələri fevralın 8-də1 saylı Bakı İstintaq Təcridxanasında Polad Aslanov ilə görüşüb.

Onlar Polad Aslanovun aclıq etdiyini təsdiqləyib. Bununla yanaşı, qurum da qeyd ediblər ki, Polad Aslanovun vəziyyəti normaldır, sərbəst hərəkət edir, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmündən şikayətçidir.

Ombudsman Aparatının əməkdaşı Amerikanın Səsinə deyib ki, Aslanov adi kamerada qalır və digər məhbuslardan təcrid edilməyib. Eyni zamanda, Ombudsman Aparatının nümayəndəsinin sözlərinə görə, ona tibbi nəzarət var.

Penitensira Xidmətdən hələ Polad Aslanovla bağlı hər hansı məlumat almaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırıb.

“19 aylıq həbsdən, ədalətli məhkəmə təhqiqatı və ev dustaqlığına keçirilmə tələbi ilə keçirdiyi aclıq aksiyasından sonra Polad Aslanovun səhhəti pisləşib. O, həddindən artıq arıqlayıb və böyrəklərindəki ağrılardan şikayət edir, həyat yoldaşı ona həkim nəzarəti olmadığını bildirir,” bəyanatda qeyd edilir.

XS
SM
MD
LG