Xətai rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin yetkinlik yaşına çatmamış oğlu Əli Gülalıyevin işi üzrə proses yekunlaşmaq üzrədir.
Əli Gülalıyev 2013-cü il sentyabrın 20-də təhsil aldığı 165 nömrəli məktəbdə davada iştirak etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə zərərçəkmiş kimi məktəbin şagirdi Bayram Sultanlı keçir.
Qeyd edək ki, Ə.Gülalıyev özü bir müddət əvvəl naməlum şəxslər tərəfindən döyülüb və xəsarət alıb, amma bu iş hələ də araşdırılmayıb.
Bu günkü məhkəmə iclasında məlum olub ki, zərərçəkmiş şikayətini geri götürüb. Dörd şahid hadisənin şahidi olmadığını bildirərək, polisin təzyiqi altında ifadə verdiklərini bəyan edib.
Əli Gülalıyevin atası Oqtay Gülalıyev Milli Şuranı sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənlinin mətbuat katibi olub.
Prokuror yekun çıxışında şahidlərin ibtidai istintaqa verdikləri ifadələrə əsaslanaraq, təqsirləndirilən şəxsi 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.
Lakin təqsirləndirilən şəxs və atası bəraət hökmü çıxarılmasını tələb edir, belə ki, heç bir şahid yeniyetmənin təqsirini təsdiq etməyib.
Hökmün elan olunması oktyabrın 30-na təyin olunub.