Jurnalistlər, hökumət rəsmiləri və Hollivud ulduzları şənbə günü axşam hər il keçirilən Ağ evin jurnalistlər assosiyasının zaiyfətinə toplaşmışlar.
Prezident Obama Vaşinqtonda Hilton mehmanxanasında keçirilən ziyafətdə builki seçki kampaniyası, seçkilərdə respublikaçılar partiyasından onun mümkün rəqibi olacaq Mit Romni, prezindentin təhlükəsizliyinə görə cavabdeh olan xüsusi xidmət orqanları ilə əlaqədar bu yaxınlarda baş vermiş qalmaqal haqda zarafatlar edib.
Paytaxt Vaşinqtonda ilin ən böyük toplantısı olan bu ziyafətdə ABŞ prezidentləri adətən özlərinin yumor hissini nümayiş etdirmək imkanı qazanır.
Prezident Obama keçən il ziyafətin ABŞ-ın xüsusi təyinatlı dəstələri tərəfindən Üsəma Bin Ladenin ələ keçirilməsi əməliyyatatı ərəfəsində baş verdiyini xatırladıb.
Builki tədbirin aparıcısı ABC televiziyasında hər axşam tok-şouda efirə çıxan komik Jimmi Kimmel idi. Ağ ev müxbirlərinin ziyafətinə bu il dəvət edilmiş qonaqlar arasında Hollivud ulduzları, aktyorlar Corc Kluni, Qoldi Han, Riz Viterspun, rejissor Stiven Spilberq, əyləncə biznesini təmsil edən Kim Kardaşyan və Lindsi Lohan olublar.
Respublikaçılar partiyasından nominasiya uğrunda mübarizədən çıxmış Rik Santorum, bu yaxınlarda yarışlardan çıxacağını elan etməyə hazırlaşan keçmiş spiker Nyüt Ginqriç də tədbirin iştirakçıları arasında idi.
Ağ ev jurnalistlər assosasiyasının sponsorluğu ilə keçirilən tədbirdən toplanan vəsait jurnalistlərin təhsilinin və mükafat fondunun maliyyələşdirilməsinə sərf edilir.
Assosiasiya 1914-cü ildə ABŞ prezidentləri və mətbuat arasında münasibətlərin yaradılması məqsədilə təşkil edilmişdir. O dövr prezident Kalvin Kulicdən başlayaraq, bütün ABŞ prezidentləri hər il Ağ evin mətbuat assosiyasının zaiyfətində çıxış edir.