Accessibility links

Prezident Obama Konqresə ölkədə vəziyyətlə bağlı hesabat verməyə hazırlaşır


Prezident Obama Konqresə ölkədə vəziyyətlə bağlı hesabat verməyə hazırlaşır
Prezident Obama Konqresə ölkədə vəziyyətlə bağlı hesabat verməyə hazırlaşır

Prezident Barak Obama çərşənbə axşamı Konqresin birgə iclasında illik hesabat məruzəsi ilə çıxış edəcək. Cənab Obama hesabat məruzəsini Amerikada prezidentlərinin on illərdir qarşılaşmadığı mürəkkəb iqtisadi və siyasi bir şəraitdə edəcək.

İqtisadiyyat prezidentin məruzəsinin ana xəttini təşkil edəcək. Ölkədə işsizlik səviyyəsi azalır, lakin cənab Obamanın arzu etdiyi kimi sürətlə deyil. Bu, onun yenidən seçilmək şansları üçün təhlükə təşkil edir.

Lakin Konqresin özünün də reytinqi tarixdə ən aşağı səviyyədədir. Rəy sorğuları amerikalıların 80 faizinin Koqresin işindən razı olmadığını göstərir.

Cənab Obama ölkə boyu etdiyi çıxışlarında əsas diqqəti Konqresin funksiya göstərə bilməməsi adlandırdığı məsələyə yönəltmişdir.

Keçən həftə prezident Amerika iqtisadiyyatının inkişaf istiqamətlərinə həsr olunmuş video mesajını açıqlayıb. Prezident Obamanın sözlərinə görə, bu məsələlər onun keçən il Kanzasda Osavatomidə orta sinif və bərabər əmək haqqları mövzularına həsr etdiyi çıxışının əsasında olub. Prezident Barak Obama: “Mən Osavatomada çıxışımda orta sinfin ya qalacağı, ya dağılacağı mövzusunda danışmışam və adamlar orta sinif üçün yollar axtarıb tapır. Çünki bizim iki yolumuz var. Bunlardan biri daha az imkanlar və daha çox qeyri-bərabərliyə aparır. Ya da ki mənim düşündüym yolla getmək uğrunda mübarizə aparacağıq, bu da bir neçə zəngin adam üçün deyil, hamı üçün əlverişli bir iqtisadiyyatın yaradılması yoludur.”

Bu çıxışda onun keçən həftə siyasi ab-hava ilə bağlı dediyi kəskin ifadələr işlədilməyib. Prezident Barak Obama: “On illərdir yaranmış sınaqlara cavab vermək bir neçə il aparacaq. Amerika xalqı bunu başa düşür. Lakin onlar liderlərinin fəaliyyət göstərməkdən imtina etməsini anlamır. Amerikalılar onları təmsil etmək əvəzinə partiyanı ölkədən əvvələ, gələn seçkini isə gələcək nəsillərdən önə qoyan adamlara baxmaqdan yorulub və usanıb.”

Prezident Obama hesabat məruzəsində ABŞ-da istehsalın artırılması, alternativ enerji mənbələri hesabına enerji sektorunun gücləndirilməsi və amerikalıların daha yüksək təhsil və təlim almasına kömək edəcək təkliflər irəli sürəcək.

Cənab Obama Konqresin birgə iclasında məruzəsində əldə etdiyi əsas nailiyyətləri göstərməyə çalışacaq. Buraya səhiyyə islahatları, Uol Stritə nəzarətin gücləndirilməsi, silahlı qüvvələrin İraqdan çıxarılması, ABŞ-ın Əfqanıstandan çıxması strategiyasının müəyyənləşdirilməsi və Üsəman Bin Ladenin qətli daxildir.



XS
SM
MD
LG