ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Nyut Gingriç rəsmən Respublikaçı prezidentliyə namizədlik uğrunda yarışdan çıxdığını elan edib. O, bu addımı cəmi iki praymerizdə qələbə çaldıqdan və 4.3 milyon dollar həcmində borc yığdıqdan sonra atıb.
Gingriç Vaşinqton civarında verdiyi bəyanatda tərəfdarlarına söyləyib ki, bu il onun, xanımı Kalista və ailəsi üçün “gözəl bir il” olub. Gingriç onun kampaniyasına pul vermiş 179 min donora da təşəkkürünü bildirib.
Gingriç yanvar ayında Cənubi Karolina praymerizində qələbə çaldıqdan sonra güclü namizəd kimi önə çıxdı, amma onun kampaniyası Florida ştatındakı yarışda büdrədi. Onun yeganə başqa qələbəsi doğma Corciya ştatında baş verdi. Ötən həftə Gingriç beş ştatda yarışları uduzdu.