Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Daniel Bayerin Amerikanın Səsinə müsahibəsindəki fikirlərinə münasibət bildirib.
N. Məmmədov qeyd edib: "Diplomatlar var ki, hələ də anlaya bilmirlər ki, dünyanın indiki vəziyyətə düşməsinə onlar səbəbkardırlar. Bayerin müsahibəsindən görünür ki, o, ATƏT-də özünü 1-ci katib kimi aparır (sovetlərdə olduğu kimi). Bilməlidir ki, Prezident onun haqqında danışmayıb, danışmaz da. Prezident ABŞ-ın ATƏT-dəki səfiri haqda danışıb".
PA rəsmisi yazıb: "Nə üçün fakt axtarır?! Bəlli hadisə üçün fakta ehtiyac yoxdur. Twitterinə baxın... Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir. Beynəlxalq hüquq ifadəsi dilini yara edib. Amma, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ifadəni heç vaxt işlətməyib. Belələri haqqında deyirlər... Karvan öz yolu ilə gedəcək".
Bu il sentyabrın 20-də prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə ATƏT-in Bakı ofisinin bağlanmasının səbəbi kimi bu qurumun Azərbaycandakı nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan Aleksis Şahtaxtinskinin onunla birgə çəkdirdiyi fotonu göstərib.
O, ATƏT-in Bakı ofisinin Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlandığını belə xarakterizə edib.
“Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa, ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik.
Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir. Buradakı bir cümlədə isə deyilir ki, biz heç bir izahat vermədən ofisi bağlamışıq", prezident bildirib.
Öz növbəsində, Daniel Bayer Anerikanın Səsinə müsahibəsində prezident Əliyevin onun barəsində dediklərinə münasibət bildirib. O deyib: “Prezident Əliyevin mənim haqqımda söylədikləri məni təəccübləndirdi. Bu iddialar əsassızdır. Çox təəssüf ki, ATƏT-in Bakı ofisinin fəaliyyətinin dayandırılması Azərbaycan hökümətinin tələbi idi. Bu isə həm hökümət, həm də Azərbaycan xalqı üçün bir itkidir. Bildiyiniz kimi, ATƏT-in Azərbaycanla konstruktiv işini ATƏT-in tərkibindəki qurumların və onun Vyanadakı Daimi Şurasında iştirakı formasında davam etdiririk. Bununla yanaşı inanırıq ki, ATƏT-in Azərbaycandakı missiyası Azərbaycan höküməti və xalqına, həmçinin regionun təhlükəsizliyinə müsbət töhfə verəcək.
“Siz doğrudan cənab Aleksis Şahtaxtinskinin Fransa xarici işlər nazirliyindən xaric edilməsi üçün Fransa hökumətinə təzyiq göstəribsiniz?” sualının cavabında cənab Bayer deyib: “Fikrimcə, kiminsə belə bir fikir söyləməsi gülüncdür. Bu doğru deyil. Fransa Xarici İşlər Nazirliyi Dan Bayer ilə məsləhətləşmədən öz şəxsi heyəti ilə bağlı qərarları özü verir.
Həqiqət odur ki, Amerika Birləşmiş Ştatları və bir sıra digər nümayəndə heyəti öz güclü dəstəyinin məğzini aydınlaşdırıb. Bu, ATƏT-in bir çox sahə qiymətləndirmə missiyaları və yalnız hökümət liderləri ilə deyil, həmçinin vətəndaş cəmiyyəti ilə əlaqə quran həmin missiya rəhbərlərinə böyük dəstəyimiz üçün də keçərlidir.
ATƏT-in missiya rəhbərlərinə gəldikdə isə, həmin şəxslər ATƏT-ə hökümət tərəfindən təqdim olunur. Bu təyinat adətən bir illikdir və ATƏT ilə həmin şəxsi təqdim edən hökümətin qarşılıqlı razılaşması əsasında bu müddət yenilənə bilər.
Belə başa düşürəm ki, cənab Şahtaxinskinin təyinat müddəti başa çatmışdır. Onun Parisə geri qayıtması ilə bağlı ətraflı məlumat almaq istəyirsinizsə, Fransa höküməti və ya ATƏT-ə müraciət etməlisiniz”, o qeyd edib.
Daniel Bayerin müsahibəsinin tam mətnini bu linkə daxil olmaqla oxuya bilərsiniz: http://www.amerikaninsesi.org/a/daniel-bayer/3534421.html