Accessibility links

İlham Əliyev Emin Hüseynov, Emin Milli, Rasim Əliyevdən danışıb


İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə ,İlham Əliyev Avropa Parlamenti ilə əməkdaşlığın bərpası üçün bəzi məsələlərin aydınlaşdırılmasını istəyib.

"Təəssüf ki, Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə bizim münasibətlərimizdə ciddi geriləmə yaratdı. Bu, çox böyük təəccüb doğurdu. Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik. Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq. Məndə bununla bağlı sənəd var. Bilmirəm sizin hamınız bu barədə məlumatlısınız yoxsa yox, yəqin ki, məlumatlısınız. Lakin mən bəzi məsələləri qeyd etmək istərdim. Burada çox məsələ var, lakin düşünürəm ki, bəzilərini qeyd etməyə dəyər. Yəqin ki, sizin üçün mənim bununla bağlı şərhlərimi öyrənmək yaxşı olar.

​Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır. Ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir. Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir. Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, cənab Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır."

Bildirilir ki, 2006-cı ildən bu yana dinc nümayişçilərə Bakının mərkəzində nümayişlər keçirmək qadağan olunub. Yalandır. Nümayişlər qadağan olunmayıb. Sərbəst toplaşma azadlığı ölkəmizdə tam şəkildə təmin olunur. 2006-cı ildən bu yana, 2006-cı ildən əvvəl və indi Bakının mərkəzində müxalifət azad şəkildə mitinqlər keçirib. Onlar bir neçə yüz adam toplayıblar. İnsanların niyə bu nümayişlərə getməməsi ayrı məsələdir. Lakin onlar dinc, azad olub və hər kəs, o cümlədən səfirlik bunu sübut edə bilər. Beləliklə, daha bir yalan.

Rasim Əliyev
Rasim Əliyev

Daha bir məsələ, guya jurnalist Rasim Əliyev sosial şəbəkələr vasitəsilə prezident Əliyevi tənqid etdiyinə görə davamlı hədə və təhdidlər alandan sonra amansızcasına döyülərək Bakıda xəstəxanada dünyasını dəyişib. Bu, məni cinayət törətməkdə birbaşa ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm. Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə olub. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqid etməyib və hətta heç kim bu şəxsi tanımırdı. Bu, qəsdən manipulyasiya, mənim bununla əlaqəmin olmasına dair ittihamdır.

Burada deyilir ki, Azərbaycan strateji tərəfdaşlığı hədəfləyərək Avropa İttifaqı ilə əlaqələrini genişləndirməyə və dərinləşdirməyə can atır. Təkcə biz deyil, Avropa İttifaqı da bizimlə münasibətləri dərinləşdirməyə çalışır. Ona görə də düşünürəm ki, bu mətn bizim əməkdaşlığımızın əsl məğzini əks etdirmir. Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır. Yeri gəlmişkən, ümumiyyətlə, bizim Avropa İttifaqı ilə çox yaxşı münasibətlərimiz var. Biz Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalamışıq. Ona görə də bizim Avropa İttifaqı, üzv ölkələr və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var." deyə məlumatda qeyd olunur.

Prezident İlham Əliyevin hakimiyyəti dönəmində onlarla jurnalist və sivil cəmiyyət fəalı qondarma ittihamlarla həbs edilib.
Prezident İlham Əliyevin hakimiyyəti dönəmində onlarla jurnalist və sivil cəmiyyət fəalı qondarma ittihamlarla həbs edilib.

Emin Milli 2009-cu ildə fiziki hücuma məruz qaldıqdan sonra şikayət etmiş, lakin özü xuliqanlıq maddəsi ilə həbs olunmuşdu. 2 il 6 ay həbsə məhkum edildikdən sonra beynəlxalq təzyiqlər fonunda Emin Milli azadlığa buraxılıb, lakin 2011-ci ilədək onun ölkədən xaricə getməsinə icazə verilməyib.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov dissidentlərə qarşı repressiya dalğasının gücləndiyi vaxt həbs təhlükəsi qarşısında İsveçrə səfirliyində sığınacaq tapmağa məcbur olub. Aylarla İsveçrə səfirliyində həbsdən yayınan Hüseynov 2015-ci ilin iyununda Isveçrə xarici işlər nazirinin təyyarəsində Azərbaycandan çıxa bilib.

İlham Əliyev Azərbaycandakı repressiyalara görə məsuliyyət daşımadığını deyir. Ancaq mənimlə söhbətində siyasi məhbusların hansı ittihamlarla və hansı şəraitdə həbsdə yatdığını nə qədər dərindən bildiyini nümayiş etdirib. Onun etdikləri riyakarlıqdır.
Corc Soros, investor və xeyriyyəçi

Prezident İlham Əliyev nadir hallarda keçmiş yaxud hazırkı siyasi məhbuslarla bağlı ictimai şərhlər verir. Bu baxımdan, onun hüquq pozuntuları ilə bağlı münasibət bildirməsi diqqət çəkir. Bəzi sivil cəmiyyət fəalları və jurnalistlər siyasi həbslərin arxasında birbaşa İlham Əliyevin dayandığını və bu həbslərin məhz onun sifarişi ilə həyata keçirildiyini deyib.

İyun ayında Azərbaycanı “xoşagəlməz diktatura” adlandıran milyarder-xeyriyyəçi Corc Soros İlham Əliyevin şəxsən həbslərdən xəbərdar olduğunu və məhbəsə salınan siyasi opponentləri haqda detallı məlumata malik olduğunu söyləyib. “Əliyev Azərbaycandakı repressiyalara görə məsuliyyət daşımadığını deyir. Ancaq mənimlə söhbətində siyasi məhbusların hansı ittihamlarla və hansı şəraitdə həbsdə yatdığını nə qədər dərindən bildiyini nümayiş etdirib. Onun etdikləri riyakarlıqdır”, deyə Soros İlham Əliyev haqda təəssüratını paylaşıb.

Prezident Əliyev ATƏT-in Bakı ofisinin bağlanmasının səbəbləri barədə də danışıb. Dövlət başçısı ATƏT-in Bakı ofisinin bağlanmasının səbəbi kimi bu qurumun Azərbaycandakı nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan Aleksis Şahtaxtinskinin onunla birgə çəkdirdiyi fotonu göstərib.

O, ATƏT-in Bakı ofisinin Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlandığını belə xarakterizə edib.

Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa, ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik.

“Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir.
Buradakı bir cümlədə isə deyilir ki, biz heç bir izahat vermədən ofisi bağlamışıq", prezident bildirib.

Aleksis Şahtaxtinski, ATƏT-in Bakıdakı sabiq layihə koordinatoru
Aleksis Şahtaxtinski, ATƏT-in Bakıdakı sabiq layihə koordinatoru

Prezident İlham Əliyev 2015-ci il iyunun 3-də Aleksis Şahtaxtinsikini diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul edib, amma bu məsələlərə toxunmayıb. Əliyev Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bununla yanaşı, qəbuldan bir neçə gün öncə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Twitter səhifəsində yazıb ki, cənab Şahtaxtinskinin fəaliyyət mandatının "dayandırılmasının" əsas səbəbini "diplomatik dairələrdə ... ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər".

ATƏT-in Vyanadakı ofisi bildirib ki, Aleksis Şahtaxtinskinin vəzifədən getməsi onun müqaviləsinin uzadılmaması ilə bağlıdır.

2015-ci il iyunun 17-də rəsmi dövlət qəzeti “Azərbaycan” “Nulandın dirijor çubuğu ilə idarə olunan Avropa” adlı redaksiya məqaləsi dərc edib. Məqalədə Avropa Oyunları öncəsi Azərbaycana qarşı yazılan məqalələr, QHT-lərin fəaliyyəti, Misir, Ukraynada inqilablar və Azərbaycanda çeviriliş planları barədə mülahizələr irəli sürülüb. ABŞ rəsmiləri, QHT-lər, ölkədəki qərb yönümlü QHT-lər, Avropa liderləri kəskin tənqid edilib. ABŞ Azərbaycan və digər ölkələrdə dövlət çevirilişlərində ittiham olunub. “Azərbaycan bütün bu təzyiq və təsirlərdən qalib çıxıb”, deyə məqalədə qeyd edilib.

XS
SM
MD
LG