Accessibility links

Niderland polisi jurnalistin təhlükəsizliyi ilə bağlı tədbirlər görür


Fevralın 19-da Niderland polisi yenidən Azərbaycandan olan mühacir Türkel Əlisoyun (Azərtürk) yaşadığı evə gələrək təhlükəsizliklə bağlı təlimat verib.

“Bu dəfə polis daha iki nəfər prokurorluq əməkdaşları ilə birlikdə gəlmişdi. Bir saatdan artıq söhbət etdik. Prokurorluq əməkdaşları məsələnin Niderland Krallığının Baş Prokurorunun göstərişi əsasında araşdırıldığını, bu iddianın ciddiliyinə inanmaq üçün əllərində bəzi əsaslar olduğunu bildirdilər. Əməkdaşlar bağçaya gedən azyaşlı övladlarımın artıq xüsusi nəzarətə götürüldüyünü, şəxsimlə bağlı başqa təhlükəsizlik tədbirlərinin də görülməsində mənə və ailəmə yaxından kömək edəcəklərinə söz verdilər” , jurnalist Facebook səhifəsində yazıb.

Türkel Əlisoy 2015-ci ildə Azərbaycandan mühacirətə gedib. O, xaricdə fəaliyyət göstərən "Azərbaycan saatı" internet televiziya proqramının aparıcısıdır. Əlisoy Azərbaycan hökumətini və hökumət üzvlərini kəskin tənqidi verilişləri ilə tanınır.

Bundan öncə fevralın 12-də Niderlandın polis əməkdaşları jurnalsitin evinə gələrək onu təhlükə ilə bağlı xəbərdar ediblər.

Polis əməkdaşları bildiriblər ki, onlarda Əlisoyun və daha 9 nəfərin həyatına qəsd hazırlanması ilə bağlı etibarlı mənbədən (Azərbaycandan) alınmış məlumatlar var.

Polis aşağıda adları qeyd edilən adamların maksimum ehtiyatlı davranmalarını tövsiyə edib: Qənimət Zayidov (Zahid), Emin Əhmədbəyov, Türkel Əlisoy (Azərtürk), Leyla Yunus, Arif Yunusov, Sevinc Mirzəyeva (Osmanqızı), Arif Məmmədov, Orduxan Temirxan, Qabil Məmmədov, Vidadi İsgəndərli.

Əlisoy yazıb ki, polis fevralın 19-da ondan konkret şübhələndiyi adamların olub-olmamasını, Avropada kimlərlə yaxın ünsiyyətinin olduğunu, onlara nə qədər etibar etdiyini, fəaliyyətini dayandırmaq haqqında düşünüb-düşünmədiyi kimi məsələlər haqda soruşub.

“Avropada çox az və maksimum etibar etdiyim adamlarla görüşdüyümü, problemimin yalnız Azərbaycan hakimiyyəti ilə bağlı olduğunu, fəaliyyətimi heç bir halda dayandırmayacağımı bildirdim. Həmçinin polisə, Çeçenstandan olan bir fəalın elə lap bu yaxınlarda Belçikada öldürüldüyünü, Nederlandda iranlı bir fəalın da eyni səbəbdən oğurlandığını, həmçinin Kaşıkçı olayını da xatırlatdım,” o qeyd edib.

Rəsmi Bakı jurnalistin yazdıqlarına hələ şərh verməyib.

XS
SM
MD
LG