Accessibility links

Almaniya: Navalnı `Noviçok` maddəsi ilə zəhərlənib


Almaniya hökuməti çərşənbə günü Rusiyanın müxalifət lideri Aleksey Navalnının Noviçok maddəsi ilə eyni qrupdan olan sinir sistemini iflic edən maddə ilə zəhərləndiyini bildirib.

Almaniya hökuməti sözçüsünün dediyinə görə, Almaniya hərbi xəstəxanasında toksikoloji tədqiqatın nəticələri Navalnının zəhərləndiyinə dair "təkzibedilməz dəlillər" təqdim edib.

“Berlindəki Charite Universiteti Xəstəxanasının tələbi ilə Almaniya Federativ Respublikası Silahlı Qüvvələrinin xüsusi laboratoriyası Aleksey Navalnıdan alınan nümunələrin toksikoloji təhlilini aparıb. Təhlillərin nəticələrinə görə, ondan götürülən nümunələrdə sinir sistemini iflic edən Noviçok qrupundan olan maddənin tapıldığına heç bir şübhə qalmır“ - deyə, Bundesverin açıqlamasında bildirilib.

Almaniyanın xarici işlər naziri Heiko Maas Rusiyanı Navalnının zəhərlənməsini araşdırmağa çağırıb.

"Bu, Rusiyada məsuliyyət daşıyanların tapılması və məsuliyyətə cəlb edilməsini daha da aktuallaşdırır. Biz bu zəhərləmə cəhdini qəti şəkildə qınayırıq" - deyə, Maas jurnalistlərə bildirib.

Avqust ayında uçuş zamanı xəstələnən 44 yaşlı Navalnı müalicə üçün Almaniyaya göndərilib.

Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putinin ən kəskin tənqidçilərindən biri və anti-korrupsiya fəalıdır. Kreml Navalnının müttəfiqlərinin rəsmilərin onu zəhərlədiyinə dair ittihamlarını rədd edərək, bunu “boş səs-küy”adlandırıb.

Navalnını Sibirdə xəstəxanada müalicə edən Rusiya həkimləri Almaniya xəstəxasının nəticələrini şübhə altına alaraq, zəhərlənmənin istisna edildiyini və onların zəhərli maddələrlə bağlı keçirdiyi testlərin nəticələrinin mənfi olduğunu bildiriblər.

XS
SM
MD
LG