Almaniya hökuməti rus dissidenti Aleksey Navalnının zəhər hücumunun hədəfi olduğuna dair ehtimala inanır.
Bazar ertəsi mətbuat konfransında danışan kansler Angela Merkelin sözçüsü Steffen Seibert rusiyalı müxalif siyasətçisinin zəhərlənməsinin "böyük ehtimal" olduğunu deyib və əlavə edib ki, zəhərlənmə ehtimalı olduğundan onun qorunması zəruridir.
Cümə axşamı Sibirdən Moskvaya uçan Navalnı uçuş zamanı xəstələnib, təyyarənin Sibirin Omsk bölgəsinə təcili eniş etməsini istəyib. Köməkçisi Navalnının hava limanında bir kafedə qara çay içdiyini deyib.
Rusiya prezidenti Vladimir Putinin tanınmış tənqidçisi Navalnının tərəfdarları çaya zəhər qatıldığına inanırlar.
Bazar günü Navalnının həyat yoldaşı və bir əməkdaşı Berlindəki “Charite” xəstəxanasında onu ziyarət edib.
Yuliya Navalnaya və köməkçi, Navalnını görmək üçün Almaniya paytaxtının əsas xəstəxanasına girdikləri zaman jurnalistlərə açıqlama verməyiblər. Zərərçəkən komadadır və tənəffüs aparatının köməyi ilə nəfəs alır.
Navalnaya 44 yaşlı həyat yoldaşının Berlində müalicəsi üçün təkid edirdi. Aleksey Navalnının şənbə günü xəstəxanaya yerləşdirilməsindən sonra oranın sözçüsü Manuela Zingl onun geniş diaqnostik testlərdən keçəcəyini və nəticələrini qiymətləndirə bilməyincə həkimlərin onun xəstəliyi və ya müalicəsi barədə şərh verməyəcəyini demişdi.
Şənbə günü əvvəlcə Navalnının Almaniyaya getməsinə icazə verən Rusiya səhiyyə orqanları testlərdə onun sistemində heç bir zəhər olmadığını qeyd etmişdi.
Cümə günü Almaniyada müalicəyə icazə vermə qərarı verməzdən əvvəl, Kremlin sözçüsü Dmitri Peskov hökumətin onun köçürülməsini asanlaşdırmağa kömək edəcəyini bildirmiş və Navalnının "tez bir zamanda sağalmasını" arzulamışdı.
Peskov hökumətin toksikoloji xəbərləri Navalnının zəhərləndiyini göstərəcəyi təqdirdə hadisəni araşdıracağını söyləmişdi.
Bu hadisə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron keçən həftə Navalnının vəziyyətindən narahatlıqlarını ifadə etmişdilər.
ABŞ-ın prezidentliyə Demokrat namizədi Co Bayden də Navalnının "zəhərlənməsindən sonrakı koma vəziyyətinin" “qəbuledilməz” olduğunu deyib.
ABŞ-ın Moskvadakı səfirliyi bu vəziyyəti diqqətdə saxladığını bildirib.
"Əgər bu doğrudursa, rusiyalı müxalifətçi Aleksey #Navalnının zəhərlənməsində Rusiya üçün ciddi məqamdır və Rusiya xalqı cavabdehlərin məsuliyyətə cəlb olunduğunu görməyə layiqdir. Düşüncələrimiz onun ailəsi ilədir" - deyə, ABŞ səfirliyinin sözçüsü Rebekka Ross tvitində qeyd edib.