Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan vətəndaşı, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbə sakini Natiq Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai Əlaqələr İdarəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2016-cı il yanvarın 7-də Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Trend agentliyi isə bildirir ki, Natiq Kərimov barəsində Səbail Rayon Məhkəməsi 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
***
Yanvarın 6-da Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Natiq Kərimovun oğlu Kamran Kərimov Amerikanın Səsinə bildirib.
Öz növbəsində, Natiq Kərimova dövlət tərəfindən təyin edilmiş, adının açıqlanmasını istəməyən vəkil Amerikanın Səsinə Kərimovun saxlandığını təsdiq edib.
Vəkilin sözlərinə görə, Natiq Kərimova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham elan olunub.
Vəkil Kərimovun bu gün Səbael rayon Məhkəməsinə gətiriləcəyini deyib.
Natiq Kərimov uzun müddətdir Nardaran Ağsaqqallar Şurasının sədridir. O bir qayda olaraq kənddəki problemlərlə bağlı mətbuata müsahibələr verirdi. Natiq Kərimov həm də müxalifətdə olan Milli Şuranın üzvüdür.