Güneyli milli fəal Fərhad Pakruh 4 ay həbs cəzasına məhkum edilib, ayrıca 2 il ölkədən çıxışına qadağa qoyulub.
Daha öncə də dinc fəaliyyətlərindən dolayı həbs edilən Pakruh, məhkəmə hökmünün surətini öz Instagram səhifəsindən paylaşaraq, “İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə həbs cəzası aldığını və ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb.
Məhkəmə bu milli fəalın telefonunu da "cinayət aləti" adlandıraraq, onun müsadirə olunmasına qərar çıxarıb.
İran hakimiyyəti siyasi və ictimai fəalları, habelə sadə vətəndaşları sosial media hesablarından hökumətlə bağlı tənqidi yazılar və ya materiallar paylaşdıqları üçün sistemə qarşı təbliğat fəaliyyəti ittihamı ilə həbsə atır.
Fərhad Pakruh noyabrın 18-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsi tərəfindən çağırılıb. O, bu tarixdə məhkəməyə getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Humanrightsiniran saytının məlumatına görə, Təbrizin Ettelaat Nazirliyinin qüvvələri onu daha əvvəl telefonla bu idarəyə çağırmışdılar, lakin milli fəal təhlükəsizlik agentlərinin çağırışını qanunsuz adlandıraraq, idarəyə getməyi rədd etmişdi.
İki günlük həbsdən sonra Fərhad Pakruh 100 milyon tümən girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdı.