Accessibility links

Mübarək əleyhinə səsləndirilən şüarlardan biri də “Biz evlənmək istəyirik” idi (AUDIO)


Misirli cütlük Qahirədə Nil çayının üzərində toy mərasimini keçirir
Misirli cütlük Qahirədə Nil çayının üzərində toy mərasimini keçirir

Evlənmələrinə imkan yaradacaq maliyyə azadlığı misirlilərin ümid etdikləri demokratiyanın bir hissəsidir

Yaxın Şərqdə evlilik xərcləri adama baha başa gələ bilər. Faktiki olaraq bir çox gənclər bu xərclərin öhdəsindən gələ bilmir. Siyasi dirçəlişin regiona yayıldığı bir vaxt misirlilər deyir ki, gənclərin evlənməsinə imkan yaradacaq maliyyə azadlığı onların ümid etdiyi demokratiyanın bir hissəsidir.


Misirdə prezident Hüsnü Mübarəkin devrilməsindən 10 gün keçir. Buna baxmayaraq, artıq Qahirə küçələrində maşınlar yenidən tüllərlə bəzədilmiş görünür. Yaşayış massivində toy mərasiminin gur səsli musiqisi və güclü işıqları altında gənclər gecə saatlarına kimi rəqs edir. Ölkənin ictimai dünyasının əsası olan Misir toyları geri qayıdır.

Bu toydan bir neçə döngə aralıda bəzi gənclər deyir ki, onlar da evlənmək istəyir. Ancaq onlar maddi cəhətdən bunun mümkün olmadığını bildirirlər. Gənclər sabiq Hüsnü Mübarək hökumətini xalqı maddi cəhətdən aşağı səviyyədə saxlamaqda ittiham edir. Onlar deyir ki, gənclər gözlərini açandan bəri maliyyə səviyyəsinin yaxşılaşması tamamilə şəxsi əlaqələrdən asılı olub. Bu əlaqələr olmadan çoxsaylı gənc ailə həyatı qurmaq üçün maliyyə toplamaq məqsədi ilə 10 ildən çox çalışır.

Misirdə baş verənlər

Hüsnü Mübarəkin siyasi portreti

Hüsnü Mübarək 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı Misir hava qüvvələrinin komandiri kimi hakimiyyətə gəlmişdi.

Mübarək ailəsinin milyardları

Yaxın Şərq üzrə ekspertlərin bildirdiyinə görə, Misir preziednti Hüsnü Mübarəkin ailəsinə məxsus olan var-dövlət 70 milyard dollara yaxındır.

Misirin gələcəyi barədə proqnozlar

Vaşinqtonda Mübarəkdən sonrakı dönəmi müzakirə edən ekspertlər din amilinin Misir cəmiyyətində önəmli yerə sahib olduğunu düşünür.

Mübarəkin hakimiyyətinə son qoyan 18 günlük etirazlar zamanı insanların səsləndirdiyi şüarlardan biri də “Biz evlənmək istəyirik” olub.

28 yaşlı Tamer Sayz deyir ki, o, universitetdə oxuyanda xəyallarındakı qıza rast gəlib. Ancaq evlənmək təklif etməmişdən əvvəl lazım olan qızıl, ev, mebel və s. əşyaları almaq üçün pulu olmaması səbəbilə o, heç qızın atasını evlənməyə icazə verməsi üçün narahat etməyib: “O, mənim onun haqqında nə düşündüyümü bilirdi. Mən də onun mənim haqda hansı fikirdə olduğunu yaxşı bilirdim”.

Nəhayət qız başqa biri ilə ailə həyatı qurur və Tamer deyir ki, pulu olsaydı, o, indinin özündə də kiminləsə evlənə bilərdi.

Ancaq onun fikrincə, Yəmən, İordaniya və Liviyada olduğu kimi Misirdə də bütün imkanlar korrupsiya və despotluq tərəfindən əzilib.

Maliyyə mütəxəssisi olan 25 yaşlı Mahmudun sözlərinə görə, Misirdə orta sinif insanların evlənməsi üçün onların əmək haqları hazırkindən 13 dəfə çox olmalıdır. O, bunu ədalətsizlik adlandırır və deyir ki, Misirdə ümid etdiyi demokratiyanın vacib tərkib hissələrindən biri gənclərin evlənmək üçün 20 yaşlarında lazımi pulu qazanmalarına imkan verən sistemin yaradılması olacaq: “Bütün gənclər evlənmək üçün 30 yaşı gözləyirlər. Gənclər evlilik pulunu toplamaq üçün 9 il çalışır. Evlilik yaşı çox yüksəkdir. Fikrimcə bu, insanları xoşbəxt etmir”.

Misirdə gənclərin çoxu ümid edir ki, yeni, demokratik hökumət sosial və iqtisadi ədaləti bərqərar edəcək və evliliyi daha əlçatan edəcək. Ancaq yeni hökumət demokratik olmasa və gənclərə iqtisadi imkanlar yaratmasa, onlar yenidən ayağa qalmağa hazır olduqlarını deyirlər.

XS
SM
MD
LG