Məsud Əsgərin sözlərinə görə, Əfqan Muxtarlı həbs ediləndən bəri təxminən altı ay müddətində hər həftə görüş üçün müraciət etsələr də heç bir səbəb gətirilmədən, qanunsuz olaraq onunla görüşə icazə verilmirdi.
“Altı aydır görüşün verilməməsi ilə bağlı mən və Samir Əsədli məhkəməyə müraciət etmişdik və yaxın günlərdə məhkəmə başlamalıdır. Keçən həftənin şənbə günü yenidən Kürdəxanı təcridxanasına Əfqan Muxtarlı ilə görüş üçün müraciət etdik və nəhayət bu dəfə onunla 1 saat şüşə arxasından danışmağa icazə verdilər.”
Məhkəmə prosesinin Balakən rayon məhkəməsində keçirələcəyi dəqiqləşib
Hazırda Əfqan Muxtarlının altı nəfərlik kamerada saxlanıldığını bildirən Məsud Əsgər əlavə edir ki, məhkəmə vaxtı müəyyən edildikdən sonra jurnalist Şəkiyə köçürüləcək.
“Özünün dediyinə görə, məhkəmə günü dəqiq olaraq müəyyən edilməsə də məhkəmə prosesinin Balakən rayon məhkəməsində keçirələcəyi dəqiqləşib. Bu səbəbdən də ola bilsin onu yaxın müddətdə Şəki istintaq təcridxanasına köçürəcəklər.”
Əfqan Muxtarlı həbsdə olduğu müddətdə 20 kiloya yaxın arıqlasa da özünü normal hiss edir.
Gənc fəal bildirir ki, dəqiq tarix dəqiqləşməsə də məhkəmənin bu ilin sona qədər başlanacağı ehtimal edilir.
Məsud Əsgər əlavə edir ki, diabet və ürək ağrılarından əziyyət çəkən jurnalist Əfqan Muxtarlı həbsdə olduğu müddətdə 20 kiloya yaxın arıqlasa da özünü normal hiss edir.
“Həkimin tapşırdığı dərmanları alırıq və həmin dərmanlarla müalicə olunur, təxminən 20 kiloya qədər arıqlayıb, şəkər xəstəliyini nəzarət edə bilsə də revmatizm ağrılardan çox əziyyət çəkir.”
Məsud Əsgər noyabrın 14-ündə saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərovun məhz siyasi aktivlik və sosial şəbəkədəki fəaliyyətlərinə görə həbs olunduğunu bildirir.
Ümman Səfərov polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 15 günlük azadlıqdan məhrum edilib.
“Ümman Səfərov səhər evdən çıxıb dərsə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb və onu 36-cı polis bölməsinə apararaq sosial şəbəkədəki fəaliyyəti ilə bağlı sorğu-sual ediblər. Bundan sonra Xətai Rayon məhkəməsində hakim Habil Məmmədovun sərdliyi ilə məhkəmə keçirilərək, Ümman Səfərov barədə cinayət məcəlləsinin 535.1-ci maddasi, yəni polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 15 günlük azadlıqdan məhrum edilib.”
Məsud Əsgərin sözlərinə görə, Ümman Səfərovun həbsin birbaşa siyasi sifarişdir və məqdəs NİDA Vətəndaş Hərəkatına qarşı təzyiq məqsədi daşıyır.
Ümman Səfərov vəkili Fəxrddin Mehdiyev çıxarılmış qərarla bağlı sabah Apelyasiya məhkəməsinə şikayət ediləcək.