Accessibility links

İsmayıllı hadisəsi ilə bağlı məhkəmə davam edib [Video] [yenilənib]


İsmayıllı üsyanı
İsmayıllı üsyanı

Jurnalistlər və təqsirləndirilən şəxlərin yaxınlarının məhkəməyə daxil olmasında maneələr yaranıb

Ağır Cinayətlərə dair İşlər üzrə Şəki Məhkəməsində İsmayıllıda 2013-cü il yanvar iğtişaşları üzrə işlə bağlı dinləmələr günün ikinci yarısında davam edib. Vəkillər vəsatətlərlə çıxış ediblər.

Vəkil Fuad Ağayev həbs qətimkan tədbirinin başqa qətimkan tədbiri ilə dəyişdirilməsi, habelə İlqar Məmmədova qarşı yalançı şahidlik edənlərin ifadələrinin dəlillər siyahısından çıxarılması haqqında vəsatət qaldırıb.

O, həmçinin Məmmədovun hüquqazidd əməl törətmədiyini təsdiq edə biləcək əlavə şahidlərin dindirilməsi haqqında vəsatət qaldırıb.

Lakin hakim bu vəsatətlərə baxmayıb. Bu barədə Amerikanın Səsinə vəkil Ağayev bildirib.

Növbəti iclas dekabrın 10-na təyin edilib.


Məmmədovun digər vəkili Rəşid Hacılı stenoqrafçının çıxışları tam yazmağı çatdırmadığı üçün prosesin video və audioçəkilişinin aparılması haqqında vəsatət qaldırıb. Amma bu vəsatətə də baxılmayıb.


***
Noyabrın 29-da Şəki Ağır Cinayətlər Məhkəməsində 23-24 yanvar İsmayıllı hadisəsi üzrə həbs oluanan Müsavat başqanının müavini Tofiq Yaqublu, "ReAl" Hərəkatının sədri İlqar Məmmədovun və digərlərinin işi üzrə məhkəmə davam edir.

Əvvəlki məhkəmə prosesində olduğu kimi səhər saatlarından etibarən məhkəmə binasının ətrafında çox sayda polis əməkdaşı və post-patrul xidməti maşınları var.

İsmayıllıdan məhbusların yaxınları olan 100-dən çox adam gəlib.

Jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli, Müsavat, AXCP-nin, Real hərəkatının üzvləri, o cümlədən bəzi diplomatik nümayəndələr məhkəmə prosesini izləmək üçün Şəkidədirlər.

Onların bəziləri məhkəmə zalına buraxılıblar.

Hakimlərə etiraz olaraq Müsavat başqanının müavini Tofiq Yaqublu, "ReAl" Hərəkatının sədri İlqar Məmmədov ayağa qalxmayıblar.

Prosesdə bir daha müttəhimlərin anket məlumatları yoxlanılıb.

Vəkil Nemət Pənahlının verdiyi məlumata görə prosesdə vəkillərin vəsatətlərinə baxılacaq.

Vəsatətlərdən biri, müttəhimlərin saxlanama şəraiti ilə bağlı olacaq.

Yanvarın 23-24-də İsmayıllı şəhərində “Çıraq” otelinin menecerinin xuliqanlığı və icra hakiminin qohumunun iştirakı ilə baş vermiş yul nəqliyyat hadisəsi sonradan yerli əhalini təhqir edilməsi ilə əlaqədar iğtişaşa çevrilib. Bir qrup sakin oteli və onun həyətində olan xarici markalı maşınları yandırıb.

Növbəti gün yerli sakinlər rayon icra başçısının istefası tələbi ilə etiraz aksiyasına başlayıb. Daha sonra aksiyalar təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.
Məmmədov və Yaqublu yanvarın 24-də, iğtişaşlar yatmaqda ikən vəziyyətlə tanış olmaq üçün İsmayıllıya gedib.

Daha sonra onlar həbs ediliblər və 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (güc tətbiq etməklə polisə müqavimət göstərmə) maddələrilə ittiham olunublar.

Beynəlxalq ictimaiyyət Məmmədovu və Yaqublunu vicdan məhbusu kimi tanıyıb və dəfələrlə onların dərhal azad edilməsini tələb edib.

XS
SM
MD
LG