Accessibility links

3 jurnalist dindirilib


Natiq Cavadlı
Natiq Cavadlı

Sentyabrın 2-də jurnalistlər Natiq Cavadlı, İzolda Ağayeva və Cavid Abdullayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib.

Jurnalistlərə Meydan TV-nin fəaliyyəti, maliyyə mənbələri barədə suallar verilib. Jurnalistlərə göndərilən rəsmi çağırış vərəqəsində hansı cinayət işi üzrə dəvət olunduqları qeyd edilməyib.

Natiq Cavadlı istintaqda 3 saata yaxın dindirilib. O Amerikanın Səsinə bildirib ki, müstəntiq Qasım Məmmədov ona avqustun 22-də Mingəçevirdə baş verən insidentlə bağlı suallar verib.

“Müstəntiq Mingəçevir hadisələri ilə bağlı qaldırılmış cinatyət işi üzrə məni şahid qismində dindirdiyini bildirdi. Mən hadisə zamanı Azərbaycanda olmadığımı və məlumat toplamadığımı dedim”, o qeyd edib.

Jurnalist müstəntiqin suallarının əksəriyyətinin Meydan TV saytı ilə bağlı olduğunu deyib.

“O Meydan TV-nin fəaliyyəti, maliyyə mənbələri və kollektivi barədə çoxsaylı suallar verdi. Mən isə bu media orqanının Azərbaycanda ofisinin və daimi fəaliyyət göstərən kollektivinin olmadığını dedim. Müstəntiq Meydan TV-də çap edilən yazılarımın qonorarları ilə maraqlanırdı. Mən azad jurnalist kimi hərdən bu sayta material göndərdiyimi və qonorar almadığımı, yalnız imzam xatirinə bunu etdiyimi müstəntiqin nəzərinə çatdırdım”, Cavadlı qeyd edib.

Jurnalist İzolda Ağayeva isə 3 saata yaxın istintaqda dindirildikdən sonra azad buraxılıb. O, Amerikanın Səsinə deyib ki, müstəntiq Mingəçevir hadisələri üzrə qaldırılmış cinayət işi üzrə dindirildiyini desə də, əsasən Meydan TV, onun maliyyə mənbəyi, bu qurumun rəhbəri Emin Milli, onun harada yaşadığı barədə suallar verib.

Xatırladaq ki, sentyabrın 1-də jurnalist Sevinc Vaqifqızı da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə verib. Jurnalist sualların daha çox Meydan TV ilə bağlı olduğunu deyib.

Prokurorluq orqanları jurnalistlərin istintaqa çağırılmasının səbəbləri ilə bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG