Accessibility links

Məhkəmə Xədicə İsmayılı 2500 manat cərimələyib [Video]


Məhkəmə Xədicə İsmayılı 2500 manat cərimələyib
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Məhkəmə Xədicə İsmayılı 2500 manat cərimələyib

Jurnalist etiraz əlaməti olaraq son söz deməkdən imtina edib.

Fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev qərar çıxarıb.

Elman Türkoğlu və arxa fonda Xədicə İsmayıl
Elman Türkoğlu və arxa fonda Xədicə İsmayıl

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, hakim jurnalisti Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə təqsirli bilərək 2500 manat məbləğində cərimələyib.

Jurnalist Xədicə İsmayıl prosesin qapalı keçirilməsinə etiraz olararq son söz deməkdən imtina edib və zalı tərk edib. Qərar jurnalistin özü iştirak etmədən verilib.

Vəkil Elton Quliyev Amerikanın Səsinə qərarı ədalətsiz və qanunsuz kimi dəyərləndirərək apellyasiya şikayəti veriləcəyini deyib.

Bununla belə vəkil proses vaxtı hakimə ictimaiyyətin prosesdə iştirak etmək istədiyi barədə ərizələri təqdim edib. Lakin hakim bu ərizələrə əhəmiyyət verməyib.

***

Fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə məhkəmə prosesi davam edib.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, məhkəmə prosesi açıq olmasına baxmayaraq, Xədicə İsmayılın ailə üzvləri, jurnalistlər və ictimaiyyət nümayəndələri buraxılmayıb.

Halbuki Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev məhkəmə prosesində iştirak etmək istəyən jurnalistlərə qeydiyyata düşmək üçün bazar ertəsi saat 10:00-da rayon məhkəməsinin önündə toplaşmağa çağırıb.

Kürdəxanı təcridxanası
Kürdəxanı təcridxanası

Xədicə İsmayılın vəkili Elton Quliyevin dediyinə görə, fevralın 20-də jurnalist prosesə aldadılaraq gətirilmişdi. Jurnalisti kameradan çıxarılanda vəkillə görüşə aparılacağı deyilsə də, məhkəməyə gətirilmişdi.

Müdafiə tərəfi prosesin həbsxana şəraitində keçirilməsinə etiraz edib. Bildiriblər ki, hazırlıq iclasında məhkəmənin açıq keçirilməsi haqqında qərar qəbul olunub. Amma vəsatət təmin edilməyib.

Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın CM-nin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Elman Həsənov jurnalistin öz "facebook" hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Jurnalist ittihamı rədd edir və bunun siyasi motivli olduğunu bildirir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb.

Bu il fevralın 13-də jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.

Bu ittihamlara görə Xədicə İsmayılı 12 ilədək həbs gözləyir.

Vəkil deyib ki, prokurorluq AzadlıqRadiosunun fəaliyyəti haqqında 15 yanvar vergi aktı əsasında bu ittihamları irəli sürüb.

Xədicə İsmayıl özünü təqsirli bilmir və bu ittihamları da siyasi sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Amnesty International jurnalisti "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG