Vəkil Yalçın İmanov fevralın 18-də təcridxanada araşdırmaçı jurnalist Xədicə İsmayılla görüşüb.
Jurnalist vəkili vasitəsiiki məsələni ictimaiyyətə çatdırmağımı istəyib.
Vəkil Facebook səhifəsində Xədicə İsmayılın aşağıdakı mesajlarını diqqətə çatdırıb:
1. Yeni ittihamlarla bağlı. Fevralın 13-də Xədicə İsmayıla qarşı Azərbaycan Cinayət Məcəlləsinin179.3.2, 192.2.2, 213.1 və 308.2-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Yeni ittihamlar vecimə də deyil, mənim burda olmağım hakimiyyətin məndən qorxduğunu göstərir. Yeni ittihamlar hüquq-mühafizə orqanlarının nə qədər absurda yuvarlandığını göstərdi. Mənim göstərmək istədiklərimi dünyaya göstərdiklərinə görə Əiliyev rejiminə minnətdarlıq edirəm”, jurnalist qeyd edib.
2. Bəzi dostların ruhdan düşməsi ilə bağlı: “Eşitdim ki, kimlərsə ruhdan düşüb, depressiyadadır. Möhkəm olun, o şey ki, adamı öldürmür, o adamı güclü edir”, deyə Xədicə İsmayıl filosof Nitsşenin kəlamlarına istinad edib.
Xədicə İsmayıl 2013-cü il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb.
Bu il fevralın 13-də jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.
Bu ittihamlara görə Xədicə İsmayılı 12 ilədək həbs gözləyir.
Vəkil deyib ki, prokurorluq AzadlıqRadiosunun fəaliyyəti haqqında 15 yanvar vergi aktı əsasında bu ittihamları irəli sürüb.
Xədicə İsmayıl özünü təqsirli bilmir və ittihamları siyasi sifariş sayır.
AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.
Amnesty İnternational jurnalisti "vicdan məhbusu" elan edib.