Məcid Araz deyir ki, “Qasım Süleymaninin öldürülməsi ilə legitimlik böhranı yaşayan İslam Respublikasını bir az rahatlatmışdı. Amma İran rejimi bu prosesi elə pis yönləndirdi ki, özünü əvvəlkindən də daha pis vəziyyətə saldı.”
Siyasi fəal Amerikanın Səsi ilə müsahibədə İranın müxtəlif etnik icmalarının Qasım Süleymaninin öldürülməsi olayına təpkiləri şərh edib. O, həmçinin Ukraynanın sərnişin təyyarəsinin İran tərəfindən vurulmasının ortaya çıxması ardından ölkə daxilində baş qaldıran yeni etiraz dalğasını dəyərləndirib.
Küçə etirazları noyabr ayı qədər geniş olmasa da, İran hakimiyyətinin daxildə və xaricdə yaşadığı legitimlik böhranı daha dərinləşib... Artıq, verilən şüarlar rejimin əsaslarını və başını, yəni Xameneyini hədəf alır
Məcid Arazın söylədiklərinə görə, “daha əvvəldən ortaya çıxan siyasi və iqtisadi böhranlara əlavə olaraq noyabr ayında ortaya çıxan etirazlarla birlikdə İran dövləti ölkənin daxilində və xaricində ciddi basqı altında idi. Süleymaninin Amerika tərəfindən vurulması az da olsa rejimi rahatlatdı.”
Araz Qasım Süleymaninin ölümünün İslam Respublikası tərəfindən siyasi bir şouya çevirdiyini önə çəkir:
“Rejim Süleymaninin cənazəsini Kərbəlada, Nəcəfdə, Bağdadda, sonra gətirib Əhvaz, Məşhəd, Tehran və Kirmanda şəhər şəhər gəzdirərək insanları bir şəkildə küçəyə çıxarmağı bacardı. Legitmlik böhranı yaşayan rejim az da olsa göstərdi ki, mənim arxamda bir kütlə var. Amma təyyarə məsələsi vəziyyəti dəyişdirdi.”
Türk fəalın dediklərinə görə, Qasım Süleymaninin öldürülməsindən sonra tez-tez “ağır intiqam”-dan söz edən İranın ABŞ-ın İraqdakı bazalarına hücumu “fiyasko” ilə nəticələnib.
O, həmçinin 176 sərnişinli Ukrayna təyyarəsinin İran tərəfindən vurulmasına diqqət çəkərək deyir ki, “İran Süleymaninin öldürülməsindən sonrakı prosesini inanılmaz dərəcədə pis yönəltdiyi üçün özünü əvvəlkindən də daha çox pis vəziyyətə saldı.”
Sərnişin təyyarəsinin İranın İnqilab Keşikçiləri Qvardiyası (Sepah) tərəfindən vurulması ortaya çıxdıqdan sonra hakimiyyətə qarşı yeni etiraz dalğaları ölkənin müxtəlif bölgələrini bürüməyə başlayıb.
“Küçə etirazları noyabr ayı qədər geniş olmasa da, İran hakimiyyətinin daxildə və xaricdə yaşadığı məşruiyyət (legitimlik) böhranı daha dərinləşib... Artıq, verilən şüarlar rejimin əsaslarını və başını, yəni Xameneyini hədəf alır,” deyə Məcid Araz son etirazları dəyərləndirir.
Bu müxalif qrupların əksəriyyəti Qasım Süleymani haqqında ya müsbət bir yanaşma, ya da alqışlayıcı bir susqunluq sərgilədilər. Amma, ümumiyyətlə baxdığımızda ərəblər, kürdlər və türklər Süleymanini rejimin amili və rejimin bir basqı ünsürü kimi gördülər.
Araz həmçinin İranın müxtəlif etnik və siyasi qruplarının Qasım Süleymaninin ölümü ilə bağlı təpkiləri haqqında danışıb:
“Belə bir məsələ var ki, indi İran hakimiyyətinə müxalif olan və bu hakimiyyəti devirmək istəyən qrupların rejimin özü ilə problemləri var, amma biz bilirik ki, onlar bəzi məsələlərdə rejimin yanında yer alırlar. Qeyri-fars millətlərin məsələləri və fars təməlli dövlət sisteminin maraqları ortaya gəldiyi zaman, bunlar rejimlə bir yerdə dururlar. Bu qruplar Qasım Süleymani məsələsini də bir az İran rejimindən ayrı dəyərləndirirlər.”
Məcid Araz əlavə edir ki, “Qasım Süleymani İranın bölgədəki nüfuzunu təmsil edən bir fiqur kimi görüldü. Buna görə də, müxalif qrupların əksəriyyəti Süleymani haqqında ya müsbət bir yanaşma, ya da alqışlayıcı bir susqunluq sərgilədilər. Amma ümumiyyətlə baxdığımızda ərəblər, kürdlər və türklər Süleymanini rejimin amili və rejimin bir basqı ünsürü kimi görürdülər.”