Gözlənilməz bir şəkildə İranın gündəmini işğal edən koronavirus epidemiyası fevral 21-də keçirilən parlament seçkiləri ilə bağlı xəbərləri də kölgəyə salıb.
Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə həm epidemiyanın İran toplumunda yaratdığı təşviş, həm də parlament seçkilərinin nəticələri haqqında danışıb.
Qumun valisi deyir ki, mən çalışdım Qum şəhərini karantin bölgəsinə çevirəm, Sepah qəbul etmədi ki, olmaz, Qum İslam dünyasının önəmli şəhəridir və karantin bölgəsi ola bilməz.
“Təəsüf ki, İran hakimiyyəti öz xalqının, öz vətəndaşlarının canına önəm vermədiyini bir daha isbat etdi. Bir neçə ay öncə dedilər ki, Ukrayna təyyarəsini biz vurmadıq. Bir neçə gün sonra dedilər biz vurduq. Toplum içində öz etibarlarını itiriblər. Öz mənfəətləri üçün yalan danışırlar. Koronavirus məsələsində də eyni şeyi edirlər,” Mahmud Bilgin söyləyir.
Siyasi fəal hesab edir ki, İran hakimiyyəti epidemiyanın Çində ortaya çıxmasından sonra digər ölkələrdən fərqli olaraq lazımi tədbirləri görməyib, eyni zamanda virusun İranda ortaya çıxmasının ardınca da insan həyatını prioritet sayan siyasət yürütməməkdədir.
“Virus İranda ortaya çıxdıqdan sonra demədilər ki, bir çarə qılaq, bir fikir edək, toplumu məlumatlandıraq, insanları qoruyaq. Bunlar üçün məclis seçkiləri və İnqilabın ildönümü (11 fevral) önəmli olduğu üçün koronavirus məsələsini ortaya çıxarmadılar.”
Mahmud Bilgin əlavə edir: “Ukrayna təyyarəsi məsələsində Həsən Ruhani höküməti dedi ki, Sepahın işi idi və bizim xəbərimiz yox idi. Koronavirus məsələsində də həmin oyunu oynayırlar. Qumun valisi deyir ki, mən çalışdım Qum şəhərini karantin bölgəsinə çevirəm, Sepah qəbul etmədi ki, olmaz, Qum İslam dünyasının önəmli şəhəridir və karantin bölgəsi ola bilməz.”
Siyasi fəalın dediklərinə görə, hakimiyyətin tədbirsizliyi toplumu da qorxuya salıb:
Güney Azərbaycanda da əhali qorxu və vəhşət içindədir. Bir tərəfdən həsrətlə qonşusu və qardaşı Türkiyəyə baxır ki, dövlət milləti necə qoruyur. Digər tərəfdən də öz başlarında olan dövlətə baxır ki, tam biganə və ögey gözü ilə baxır onlara.
“Güney Azərbaycanda da əhali qorxu və dəhşət içindədir. Bir tərəfdən həsrətlə qonşusu və qardaşı Türkiyəyə baxır ki, dövlət milləti necə qoruyur. Digər tərəfdən də öz başlarında olan dövlətə baxır ki, tam biganə və ögey gözü ilə baxır onlara. Elə olur ki, Təbrizdə millət dövlətə dərs öyrədir. Aralarında maska paylayırlar. Öz pulları ilə maska alıb xalqa dağıdırlar. Bu işləri dövlət görməlidir. Maskanın qiyməti neçə qat artıb. Tapılmır,” o deyir.
Fevralın 21-də keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirən Mahmud Bilgin deyir ki, “İran Parlamentində nümayəndələr bundan əvvəl də ölkədəki millətlərin deyil, hakimiyyətin nümayəndəsi olublar. Bu dəfə də ki, ümumiyyətlə mühafizəkar qanaddan olan şəxsləri apardılar məclisə.”
Bilgin həmçinin İran Azərbaycanının bəzi şəhərlərində milli fəalların bir hissəsinin seçki kampaniyalarına qatılaraq bəzi namizədlərə dəstək verməsini tənqid edir.
“Təəssüf ki, bizim milli hərəkatın bir bölümü bu siyasəti apardı ki, rejimin içində pis və yaxşını seçsin. Yəni, xalqı təşkilatlanmağa və rejimə qarşı mübarizəyə çağırmaq yerinə, belə hərəkət etdi ki, rejimin parlament seçkilərində necə səs verək ki, o rejimin filan qüvvələrini səhnəyə çıxaraq. Mən düşünürəm, o milli fəallar ki, səs verdilər, təbliğ etdilər ki, gedək seçkilərə qatılaq onlar bu məsələni yenidən dəyərləndirməlidirlər,” deyə Mahmud Bilgin əlavə edir.