İran mediası bildirir ki, cümə günü keçirilən parlament seçkisinin ilkin nəticələri 290 yerlik parlamentin 70 faizini mühafizəkarların, 20 faizini müstəqil namizədlərin, 10 faizini isə islahatçıların qazandığını göstərir. Lakin bir çox müşahidəçi ölkənin bir çox hissəsində seçici fəallığının az olduğunu söyləyir.
Ərəb və İran mediasında yayılan həvəskar videoda İranda bir qrup kişinin seçki məntəqəsinin önündə seçki rəsmilərinin səsləri “oğurladıqlarını” dediyi göstərilib. Amerikanın Səsi bu iddianı təsdiqləyə bilməyib, lakin vətəndaş jurnalistlərin sosial mediada yerləşdirdikləri çox sayda videolarda seçki məntəqələrində seçici fəallığının çox aşağı olduğu göstərilib.
Sosial mediada həmçinin belə məlumat yayılıb ki, seçici fəallığı o dərəcədə aşağı olub ki, rəsmilər hər regiondakı dəqiq seçici fəallığını açıqlamaq əvəzinə ölkə boyu ümumi seçici fəallığını açıqlamağa qərar verib.
Seçici fəallığının aşağı olmasına baxmayaraq, İran mediasında prezident Həsən Ruhaninin cümə günü keçirilən seçkini “ölkə tarixində gözəl hadisə” adlandırdığı deyilib.
İranın Fars xəbər agentliyi Keşikçi Şurasının sözçüsü Abbas Əli Xadxodaiyə istinadən deyib ki, o, “ölkə boyu şuranın müşahidəçi şəbəkəsinin minlərlə üzvünə” seçkinin “düzgün keçməsini və insanların səslərinin yaxşı əllərdə olduğunu” təmin etdiklərinə görə təşəkkür edib.
Lakin sosial mediada yerləşdirilən fotolarda seçki rəsmilərinin qutuları yerə boşaldıb, səsləri əllə hesabladıqları göstərilib.
İranın sabiq prezidenti Əbulhəsən Bani Sədr Amerikanın Səsinə bildirib ki, onun gördüyü hesabatlara əsasən, iranlıların 80 faizi seçkini boykot edib, hökumət isə xalqdan belə bir reaksiya gözləmirdi.
O deyib ki, hökumət hələ də seçici fəallığının yüksək olduğunu təkid edir, baxmayaraq ki, rəqəmlər bunun əksinə işarə edir. Onun dediyinə görə, rəsmilər Xorramşəhr şəhərində 47.000 insanın səs verdiyini, eyni zamanda isə qalibin yalnız 9.000 səs aldığını bildirir. "Bu isə o deməkdir ki, böyük ehtimalla orada yalnız 17.000 insan səsvermədə iştirak edib və onlar əsl göstəricini üç dəfə artırıblar."
İranın parlament seçkisi həmçinin insanlarda, Qum daxil olmaqla, bir neçə şəhərdə aşkar olunan koronavirusla bağlı qorxuların artdığı vaxta təsadüf edib. Sosial mediada yer alan xəbərə görə, Tehranın yüksək vəzifəli bələdiyyə rəsmilərindən birinin koronavirusa yoluxduğu və cümə günü digər rəsmilər və seçicilərlə əl sıxışdığını deyilir.
Ərəb xəbər kanallarında İrandakı seçkilər lağa qoyulub və Livanın bir televiziya kanalında hətta "İranın yaxşı edə bildiyi yeganə şey koronavirusu yaymaqdır” deyilib.