Accessibility links

Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində şəhər şurası üzvləri həbs edilib


Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərinin bələdiyyəsində rüşvət və korrupsiya halları ilə əlaqədar həbslər baş verib.

Dövlət agentliyi İRNA bu barədə Qərbi Azərbaycan Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatiyə istinadən məlumat yayıb.

Ətəbati Mahabad şəhər şurasının 2 üzvü, habelə 2 bələdiyyə vəzifəlisinin həbsxanaya göndərildiyini bildirib.

“Mahabad Şəhər Şurasının bir neçə üzvü mütəşəkkil şəkildə və bir şəbəkə kimi bələdiyyənin bir neçə vəzifəlisi ilə birlikdə milli və dövlətə aid əraziləri sahiblənmək üçün sənədlər hazırlayırdılar ki, Mahabad prokuroluğu və kəşfiyyat idarəsinin əməkdaşlığı ilə nəzarət altına alındılar,” ədliyyə rəisi bildirib.

“Şəbəkənin” digər üzvləri haqqında təhqiqatın davam etdiyi bildirilib.

Mahabad şəhərində 2020-ci ildə də bələdiyyə və şəhər şurasında rüşvət və korrupsiya halları ilə bağlı şəhər şurasının əksər üzvləri daxil olmaqla, bir çox vəzifəli şəxs nəzarət altına alınmışdı.

Rəsmi adı Mahabad, amma əhalinin Savucbulaq (Savblaq) adlandırdığı şəhərin təqribən 200 min əhalisi var. Əhalinin əksəriyyətini kürd icması təşkil edir.

Son bir neçə ildə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətlərinin bəzi şəhərləri daxil olmaqla, İranda bir çox bələdiyyədə həbslər baş verib. İran bələdiyyələrində korrupsiya hallalarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

İnqilab Qvardiyasına (Sepah) bağlı şirkətlər, habelə birbaşa İranın ali ruhani lideri Seyyid Əli Xameneyinin nəzarətində olan qurumlar ilə əlaqədar korrupsiya xəbərləri davamlı şəkildə sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən mediada yayılır. Lakin İran daxilində fəaliyyət göstərən media qurumları bu növ xəbərləri əks etdirmir.

XS
SM
MD
LG