Accessibility links

Mahabad bələdiyyəsində korrupsiya ilə bağlı həbslər davam edir


Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərinin bələdiyyəsi və şəhər şurasında rüşvət və korrupsiya halları ilə bağlı təqribən bir ay əvvəl başladılan həbslərin davam etdiyi bildirilir.

Yarı-rəsmi İLNA agentliyinin xbildirdiyinə görə, keçən ay ərzində Mahabad Şəhər Şurasının 7 üzvündən 6-sı nəzarət altına alınıb. Agentlik həmçinin Şəhər Şurasının ləğv edilməsi ehtimalını önə çəkib.

Korrupsiya və inzibati pozuntularla bağlı şəhərin Yol və Şəhərsalma İdarəsində təqribən 20 nəfər saxlanılıb.

Rəsmi adı Mahabad, amma əhalinin Savucbulaq (Savblaq) adlandırdığı şəhərin təqribən 200 min əhalisi var. Əhalinin əksəriyyətini kürd icması təşkil edir.

Son bir neçə ildə Şərqi Azərbaycan, Zəncan, Tehran və “Kohgiluyə və Boyer-Əhməd” kimi vilayətlərin də bəzi bələdiyyələrində həbslər baş verib.

2016-cı ildən bəri gündəmdə olan Təbriz Bələdiyyəsi və Şəhər Şurasında korrupsiya ilə əlaqədar Təbrizin sabiq meri daxil olmaqla onlarla bələdiyyə müavini, müdir və şəhər şurası üzvü saxlanılıb. Təbriz Şəhər Şurasının sədri Şəhram Dəbiri isə keçən iyun ayında nəzarət altına alınıb bir müddət sonra sərbəst buraxıldı.

İran bələdiyyələrində korrupsiya hallalarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

İnqilab Keşikçiləri Korpusuna (Sepah) bağlı şirkətlər, habelə birbaşa İranın ali ruhani lideri Seyyid Əli Xameneyinin nəzarətində olan qurumlar ilə əlaqədar korrupsiya xəbərləri davamlı şəkildə sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən mediada yayılır. Lakin İran daxilində fəaliyyət göstərən media qurumları bu növ xəbərləri əks etdirmirlər.

XS
SM
MD
LG