Accessibility links

Əli Həsənov: Dövlət Eurovision-a ümumilikdə 50 mln. manat xərcləyib


O, “Beynəlxalq Amnistiya” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana qarşı məqsədyönlü siyasət yürütməkdə ittiham edib.

Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın ünvanına “Eurovision” müsabiqəsi ilə bağlı insan hüquqlarının pozulması haqqında beynəlxalq ittihamları təkzib edib.
O, bu tənqidi arxasında erməni lobbisinin durduğu “Azərbaycan əleyhinə təbliğat” adlandırıb. “Bütün bunlar Azərbaycanın gözdən salınmasına yönəlib”, deyə Həsənov bildirib.
Eyni zamanda, o, “Beynəlxalq Amnistiya” və “Human Rights Watch” hüquq-müdafiə təşkilatlarını Azərbaycana qarşı məqsədyönlü siyasət yürütməkdə ittiham edib.
”Bu mövqe ilə əlaqədar həmin təşkilatlar Azərbaycan cəmiyyətinin etibarını tamamilə itirə bilər”, deyə Həsənov hədə-qorxu gəlib.

Cenevrədə keçirilən dəyirmi masa zamanı bu təşkilatların nümayəndələri “erməniyönlü saytlardan və KİV-lərdən götürülmüş” Azərbaycan əleyhinə materiallar təqdim ediblər.
Cənab Həsənov həmçinin bəzi aparıcı xarici KİV-lərin qeyri-obyektivliyindən şikayət etsə də, konkret olaraq kimi nəzərdə tutduğunu açıqlamayıb. “Bu, Almaniyanın bir televiziyası və iki media orqanıdır. Son günlər Britaniya “Qardian”ı, BBC-si ...”, deyə o qeyd edib.
Şöbə müdiri “Eurovision”a səmərəsiz olaraq böyük vəsait xərclənməsi haqqında məlumatları təkzib edib. “Dövlət ümumilikdə 50 mln. manat xərcləyib. Crystall Hall-un tikintisi və digər infrastruktur layihələri hesaba alınmır. Çünki hökumət onları onsuz da planlaşdırırdı”, deyə o qeyd edib.
Vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına gəlincə, prezident nümayəndəsi qeyd edib ki, “ola bilər ki, bəzi insanların hüququ pozulub” və onlar məhkəməyə müraciət edə, Strasburq Məhkəməsinə qədər gedə bilərlər”.
Hakimiyyət əksəriyyətin mənafeyi üçün hərəkət edib. Məsələn, Qış bulvarının salındığı yerdən 500 ailə köçürülüb, əvəzində bu, yaşıllıq ərazilərin çoxalması sayəsində 50 min insanın vəziyyətini yaxşılaşdıracaq.
Cənab Həsənovun fikrincə, “Eurovision” müsabiqəsinə hazırlıq Azərbaycan əhalisinin əksəriyyətinin dəstəyini alıb.

XS
SM
MD
LG