Accessibility links

Leyla Yunus: Qırmızı təkərli araba gedir - nədənsə sən yadıma düşdün (ikinci məktubdan sətir)


Arif və Leyla Yunus
Arif və Leyla Yunus

Kürdəxanaı təcridxanasından MTN təcridxanasına məktuib və ya Leyla Yunusun həyat yoldaşına yazdıqları

Kürdəxanı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan həyat yoldaşı tarixçi alim Arif Yunusa məktub yazıb. Onların görüşünə imkan verilmədiyindən Leyla Yunus məktubunu media vasitəsi ilə həyat yoldaşına çatdırır.

Bu Leyla Yunusun həyat yoldaşına sayca ikinci məktubudur.

Məktubu olduğu kimi təqdim edirik:

Əzizim Arif!

Biz səninlə tez-tez səmanı “dəmir barmaqlıqlardan” görən siyasi məhbuslar haqqında romanlar oxuyurduq. İndi hər gün səkkiz hasarlı “dəmir barmaqlıqdan” səmaya baxıram.

Həmişə babam yadıma düşür. Bilirsən, onun üç qardaşı Stalin repressiyalarının qurbanı olmuşdu. O da səmaya “dəmir barmaqlıqdan” baxırdı.

Yadındadır, mənə evlənməyi təklif edəndə səni, onun xeyir-duasını almaq üçün məzarına aparmışdım? Sonra mənə dedin ki, məhz həmin an həmişə bir yerdə olacağımızı anladın...

Sən həmişə hər şeyi məndən daha tez və daha dəqiq başa düşürdün...

Mən burada daim düşünürəm: kim daha bədbəxt idi - Stalin düşərgəsindəki məhbuslar, yoxsa Hitler düşərgəsindəki?

Və belə bir nəticəyə gəldim ki, Stalin düşərgəsindəkilər daha bədbəxt idilər!

Hitler düşərgəsində insanlar bilirdilər ki, müharibə gedir, Hitler Stalinqrad yaxınlığında məğlub edilib... Stalin isə həmişəlik idi...

Bu gün Ukraynadakı müharibə Əliyev rejiminin əl-qolunu tamamilə açıb. Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə həbslər Avropa Şurasının və digər beynəlxalq qurumların insan hüquq və azadlıqlarının müdafiəsində acizliyini açıq-aşkar göstərdi.

Mən 30 ildən çoxdur ki, siyasi məhbuslar problemi ilə məşğul oluram və gələcək vəziyyətimizi yaxşı görə bilirəm.

Bizi bir ildən çox məhkəmə adlı “sirk”ə qədər saxlayacaqlar, sonra isə 10 il və ya daha çox...

21-ci əsrdə Azərbaycanda belə bir şey təxmin etmək çətin idi, amma bu reallıqdır.

Bilmirəm sən və ya mən kamerada nə qədər sağ qala biləcəyik, amma hər gün Xodaseviçin sətirlərini təkrarlayıram:

"Əsa ilə gedən səyyahı gördüm -

Nədənsə sən yadıma düşdün.

Qırmızı təkərli araba gedir -

Nədənsə sən yadıma düşdün.

Axşam lampanı yandırdılar dəhlizdə -

Yenə də sən yadıma düşdün.

Yerdə, göydə nə baş versə -

Mütləq yadıma sən düşəcəksən yenə”.

Sənin Leylan

XS
SM
MD
LG