Fevralın 12-də Bakı Apellyasiya Məhkəməsi Lamiyə Quliyevanın şikayətinə baxacaq. Bu barədə vəkil Adəm Məmmədov Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Baş Prokurorluq 4 saylı cəzaçəkmə müəssisində saxlanan məhkum Lamiyə Quliyeva ilə bağlı Xətai Rayon Məhkəməsinə protest verib. Protestə əsasən L.Quliyevaya onun məhkum olunmasına dair hökmdən şikayət etmək hüququnun tanınması istənilib. Xətai Rayon Məhkəməsi protesti təmin edib. L.Quliyeva onun 5 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən şikayət vermək hüququ qazanıb.
L.Quliyeva 2003-cü ildə Aslan Aslanovun oğlunun qətlə yetirilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin müddət 2013-cü ildə bitib. Lakin 2012-ci ildə L.Quliyevaya yenidən ittiham elan olunub və Xətai Rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə ümumilikdə 15 il 6 ay müddətinə cəzaya məhkum olunub.
L.Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. Quliyeva 2003-cü ildə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilərək 10 il azadlqıdan məhrum edilib. 2012-ci ildə Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham olunaraq 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Bundan 1 il sonra, 2013-cü ildə o Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittihama olunub.
İşə Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimov üçüncü ittiham üzrə bəraətverici əsaslarla hökm çıxarıb. Lakin prokurorluq protest verib, Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev həmin hökmü ləgv edib. Beləliklə, Lamiyə Quliyevanın cəzası 6 il 6 ay artırılıb. Ali Məhkəmənin hakimi Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.
Son aylarda Lamiyə Quliyevanın qanuni nigahı olmadan həbsxanada ana olması güeniş rezonans doğurub. Bu barədə məlumatlar mətybuat səhifəsində təhlillərə yol açıb. Vəkillər, ictimia və siyasi xadimlər həbsxana divarları daxilində baş verənlər, Lamiyyə Quliyevanın məktəbli olarkən icra hakimiyyəti başçısının oğlu tərəfindən zorlanması, sonra həmin şəxsin qətlə yetirilməsi, Şəmkir rayon icra hakmiyyəti başçısının sifarişi ilə haqcız olaraq həbsə məruz qalması ilə bağlı kəskin tənqidlər səsləndirib.
Öz növbəsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov deyilənləri təkzib edib. Lamiyə Quliyeva və digərlərinin əməllərinə görə məhkəmə qərarı ilə cəzlandırıldığını bildirib.
Penitensiar Xidmət isə təcridxanada Lamiyə Quliyevanın hüquqlarının pozulmadığını bildirib.
“O hamilə olduğu müddətdə tibbi yardım göstərilib. Uşağı dünyaya gələndən sonra isə uşaqlı analar bölməsində saxlanılır”, xidmətdən mediaya bildiriblər.