Accessibility links

Lamiyə Quliyeva olayı - həbsxanada nə baş verir? (Fərqli baxışlar)


Lamiyə Quliyeva (kollaj)
Lamiyə Quliyeva (kollaj)

Azərbaycan Baş Prokurorluğu 4 saylı cəzaçəkmə müəssisində saxlanılan məhkum Lamiyə Quliyeva ilə bağlı Xətai Rayon Məhkəməsinə protest verib.

Protestə əsasən L.Quliyevanın məhkum olunmasına dair hökmdən şikayət etmək hüququnun tanınması istənilib. Xətai Rayon Məhkəməsi protesti təmin edib.

Beləliklə, L.Quliyeva 5 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən şikayət vermək hüququ qazanıb.

Lamiyə Quliyeva 2003-cü ildə, o zaman Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olan Aslan Aslanovun oğlunun qətlə yetirilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin müddət 2013-cü ildə bitib. Lakin 2012-ci ildə L.Quliyevaya yenidən ittiham elan olunub və Xətai Rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə ümumilikdə 15 il 6 ay müddətinə cəzaya məhkum olunub.

L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev “Yeni Müsavat”a Baş Prokurorluğun protest verməsini təsdiqləyib.

Lamiyə Quliyeva
Lamiyə Quliyeva

Qeyd edək ki, L.Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. 2003-cü ildə onu Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə ittiham edib 10 il müddətinə azadlıqdan məhrum ediblər. 2-ci dəfə, 2012-ci ildə Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317-ci - cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma - maddəsi ilə ittiham elan olunub. Bu maddə ilə məhkəmə qarşısına çıxarılıb və 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Yəni Lamiyə Quliyevanın cəzası 15 il 6 aya çatdırılıb. Bundan 1 il sonra, 2013-cü ildə Lamiyə Quliyevaya növbəti – 3-cü dəfə ittiham verilib. Guya Lamiyə Quliyeva digər məhkumdan hədə-qorxu ilə pul tələb edib. Həmin vaxt ona Cinayət Məcəlləsinin 182-ci – hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanıb. İttihamın əsasını yalnız bir qadın məhkumun ifadəsi təşkil edib. Guya Lamiyə hədə-qorxu ilə ondan pul tələb edib. İşə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimov baxıb və bəraətverici əsaslarla hökm çıxarıb. Lakin prokurorluq protest verdi, iş Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Sahibxan Mirzəyev həmin hökmü ləğv edib Lamiyə Quliyevanın cəzasını 6 il 6 ay artırıb. Ali Məhkəmədə hakim Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Lamiyə Quliyeva problemi ciddi ictimai rezonansa səbəb olub. Belə ki, yerli media onun keçmiş nişanlısına istinadən yazır ki, azyaşlı qızçığaz hələ orta məktəbdə oxuyarkən icra hakimiyyəti başçısının oğlu tərəfindən məktəbdə sinif otağında zorlanıb. Bundan sonra icra hakimiyyəti başçısının oğlunu keçmiş nişanlısı ilə birgə qətlə yetiriblər. Nişanlısı Vüqar Əliyev isə ömürlük həbs cəzasına məhkum olunub.

Media Lamiyə Quliyevanın və onun keçmiş nişanlısının həbs həyatının da təzyiqlər məngənəsində keçdiyini yazır.

Lamiyə Quliyevanın həbsxanada ana olması isə son günlər ölkə mediasında və ictimai fikirdə geniş müzakirələrə səbəb olub.

Lamiyə Quliyevanın həbsxanada ana olması isə son günlər ölkə mediasında və ictimai fikirdə geniş müzakirələrə səbəb olub. Penitensiar Xidmətin rəhbərliyi Quliyevanın hamiləliyini qabaqcadan bildiyini deyib. Amma, ictimaiyyəti rəsmi nigahda olmayan bir qadının həbsxanada necə ana olması təəccübləndirir. Uşağın atasının kimliyi də ictimaiyyətə açıqlanmır.

Lamiyə Quliyeva əlaqələrinin könüllü olduğunu desə də müşahidəçilər onun təzyiq altında belə bəyanat verdiyini düşünür.

Hazırda prokurorluq araşdırmalara başladığını bildirib.

Problem o qədər ciddi ictimai məzmun kəsb edib ki, artıq ölkənin siyasi liderləri də hadisəyə münasibət bildirməkdədir.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli və Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli baş verənləri kəskin tənqidlərə məruz qoyan məqalələrlə çıxış edib.

Cəmil Həsnli məqaləsini belə bir sualla başlayır.

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində nələr baş verir?

Yayılan məlumatlardan heyrətlənməmək mümkünsüzdür. 14 saylı cəzaçəkmə yerində döyülərək öldürülmüş Elşad Babayevin qırx mərasimi çıxmamış 17 saylı müəssisədə cəzasını çəkən İsrayıl Ağayev özünü asdı. Elşad Babayevin döyülərək öldürülməsinə etiraz etmiş məhbusların üzərinə gecə ikən ordu yeridildi. Yüzlərlə məhbus sözün tam mənasında vəhşicəsinə şil-küt edildi. Uzun müddət şikəst edilmiş insanlara yaxınları ilə görüşmək imkanı verilmədi. Hadisə ictimaiyyətdən gizlin saxlandı. Penitensiar Xidmətin mətbuat xidmətinin və prokurorluğun açıqlamaları hadisəyə aydınlıq gətirilməsini zəruri edən çoxlu suallar doğururdu. Azərbaycan vətəndaşı döyülərək öldürülmüş, Xidmət əməkdaşlarının özbaşnalığı nəticəsində gənc bir məhbus həyatını itirmiş, çinayət baş vermişdir. İki gün əvvəl Rusiya Müdafiə nazirliyi Osventsim ölüm düşərgəsinin fəaliyyəti haqqında 1945-ci ildə Sovet orqanları tərəfindən ələ keçirilmiş sənədləri açıqladı. Aydın olan budur ki, döyülən, öldürülən, üzərində eksperiment aparılan insanlar haqqında aktlar, sənədləşmələr aparılıb. Məhbuslara əzab verən, onların üzərində zorakılıq əməllərini həyata keçirən ölüm düşərgəsinin məsul şəxslərinin adları, vəzifələri, məhbuslar üzərinə buraxılan hansı itin xaltasının kimin əlində olması belə bu sənədlərdə əks olunub. Dünyanın düz vaxtında, XXI əsrin ikinci onilliyində 31 yaşlı məhbus döyülərək ödürülür, üzərində işgəncə izləri olan cəsədin fotoları yayılır, Penitensiar Xidmətin isə məsələyə aydınlıq gətirmək əvəzinə döyülmə hadisəsini böyük əzmkarlıqla inkar edir. Məsələ ilə bağlı prokurorluq orqanlarının açıqlaması baş vermiş cinayət hadisəsi haqqında nağılvarı, mücərrəd söz yığınından başqa bir şey deyildir.

Məhbus qadın Lamiyə Qiliyeva ilə bağlı baş verənlərə isə cinayət aləmindən bəhs edən detektivlərdə belə təsadüf edilə bilməz.

Məhbus qadın Lamiyə Qiliyeva ilə bağlı baş verənlərə isə cinayət aləmindən bəhs edən detektivlərdə belə təsadüf edilə bilməz. Bu hadisə Azərbaycan Penitensiar Xidmətin, Məhkəmə sisteminin və Prokurorluq orqanlarının hansı fəlakətin, onların ümidinə qalan ölkə vətəndaşının hansı faciənin içində olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Mənim düşüncəmə görə Lamiyənin başına gətirilən bu müsibətlərə görə, yalnız bu orqanlar deyil, bütün cəmiyyət günahkardır. Hadisə ölkənin hüquq sisteminin hansı çirkabın, əslində isə hansı cinayətin içində olduğunu göstərdi. 15 yaşlı qız uşağı törətdiyi əmələ görə 10 il cəzaya məhkum edilib və günbə-gün cəzasını çəkib, azadlığa buraxılacağı günü səbirsizliklə gözləyir. Lakin mübhəm azadlıq təbəssümü dodaqlarında donur. Azadlıq sevinci ona nəsib olmur. Penitensiar Xidmət əməkdaşları cəzaçəkmə müəssisəsinin içində ona qarşı cinayət tərkibli

Ədliyyə sistemi-loqo
Ədliyyə sistemi-loqo

yeni iddia irəli sürür və nədənsə Lamiyə məhz cəzasını çəkib qurtaran vaxt cəsarətlənib müəssisə rəisi ilə mübahisə edir, daxili qaydaları pozur. İş o qədər qurama olur ki, hətta Xətai Rayon Məhkəməsi cinayət tərkibi olmadığından işə xitam verir. Ən azından öz peşə borcunu vicdanla yerinə yetirmiş və cəmiyyətimizdə az təsadüf edilən belə hakimə təşəkkür etmək lazımdır.

İş o qədər qurama olur ki, hətta Xətai Rayon Məhkəməsi cinayət tərkibi olmadığından işə xitam verir. Ən azından öz peşə borcunu vicdanla yerinə yetirmiş və cəmiyyətimizdə az təsadüf edilən belə hakimə təşəkkür etmək lazımdır.

Bəs sonra nə baş verir? Prokurorluq orqanları məhkəmənin qərarına protest verib onun araşdırılmasını keçirir Apelyasiya məhkəməsinə. Apelyasiya məhkəməsi isə rəislə mübahisə etdiyinə görə Azərbaycan Respublikası adından Lamiyəyə nə az, nə çox 5 il 6 ay əlavə cəza hökmü çıxarır. Rəislə mübahisə və daxili intizam qaydalarını pozmaq adı altında bu kimsəsiz qıza 5 il 6 ay əlavə cəza verilir. Hətta belə şeylər olubsa da həmin günahların bu qədər cəzası ola bilməz. Digər tərəfdən aşağı instansiya məhkəməsinin bəraət verdiyi bir işə necə ola bilər ki, yuxarı instansiya məhkəməsi belə hökm çıxarsın. Prokurorluğun protestini kim imzalayıb, hansı Apelyasiya məhkəməsinin hansı “ədalətli” hakimi bu hökmü çıxarıb? Bütün bunlara aydınlıq gətirilməli, Lamiyənin azadlığa çıxmasının qarşısını alan cinayətkar dəstə müəyyən edilməlidir. Şübhəsiz ki, bu iş kənardan idarə olunub. Lamiyənin faciəsi ilə bağlı rüsvayçılıq onda deyil ki, azadlığa ümidini itirmiş bir qadın dünyaya atası bəlli olmayan uşaq gətirib. Rüsvayçılıq ondadır ki, ölkənin bütün hüquq sistemi harın bir məmurun əlində oyuncağa çevrilib. İndi

Lamiyənin faciəsi ilə bağlı rüsvayçılıq onda deyil ki, azadlığa ümidini itirmiş bir qadın dünyaya atası bəlli olmayan uşaq gətirib. Rüsvayçılıq ondadır ki, ölkənin bütün hüquq sistemi harın bir məmurun əlində oyuncağa çevrilib.

Penitensiar Xidmətin rəhbərliyi gündə açıqlama verib bu məsum körpənin atasını axtarır. Əslində, hüquqi baxımdan bu körpənin atası bəllidir. Onu, quraşdırdıqları saxta cinayət işi ilə Penitensiar Xidmətin, prokurorluq orqanlarının, Apelyasiya məhkəməsinin birgə zorladığı Lamiyə dünyaya gətirmişdir.

AXCP sədri Әli Kərimli gündəmin mövzusuna çevrilən Lamiyə Quliyeva işində üzə çıxmış faktlarla bağlı məqaləsində bunları bildirir.

"Dostlar, rejimin bədbəxt etdiyi qurbanlardan biri Lamiyə Quliyevanın başına gələnlərdən gec də olsa, xəbər tuturuq. Faktiki məhv edilmiş bu qızın acı həyat hekayəsinə lütfən, kriminaldan bəhs edən teleserial kimi baxmayın. Ya da hökumətin düşük saytlarının “Lamiyənin uşağının atası kimdir?” tipli suallarla oxuculara təqdim etdiyi kimi, olayı bayağılaşdırmayın. Gözümüzün qarşısında bir faciə baş verir. Biz bu faciənin son pərdələrini canlı olaraq izləyirik, amma indi əvvəlindən də xəbər tutmaq imkanımız var.

Təkcə Lamiyə Quliyevanın başına gələnlər normal ədalət mühakiməsi zamanı rejimin daşını daş üstə qoymayan ittihamnaməyə çevrilə bilər.

Təkcə Lamiyə Quliyevanın başına gələnlər normal ədalət mühakiməsi zamanı rejimin daşını daş üstə qoymayan ittihamnaməyə çevrilə bilər. Beləliklə, bu olayın ortaya çıxardığı eybəcərliklərə birlikdə nəzər salaq.

1. Əyalətlərimizin birində balaca padşahın ərköyün oğlunun törətdiyi cinayət, Lamiyəni 15 yaşında adam öldürməyə sövq edib. Bir gənc həyatını itirib, 2 gənc faktiki məhv edilib, 10-larla insan isə həbs və işgəncələrə məruz qalıb. Bütün bunlar isə ona görə baş verib ki, rejimin öz komandasında yaratdığı cəzasızlıq mühiti elə həmin məmurların və onların övladlarının hədsiz dərəcədə harınlamasına, azğınlaşmasına səbəb olub. İndi sual verirəm, Lamiyə Quliyeva məmurların və ya övladlarının harınlığının yeganə qurbanıdırmı, yoxsa bilmədiyimiz başqa qurbanlar da var?

2. Lamiyə və Vüqar həbs ediləndən sonra onların ailələrinə də divan tutulub. Vüqarın atası bu iki ailədən 12 nəfərin həbs edilməsindən, onlara işgəncə verilməsindən, həyatlarına qəsd edilməsindən, əmlaklarının dağıdılmasından bəhs edir. Bu nə mənzərədir? Orta əsrlərəmi qayıtmışıq? Ölkədəki məhkəmə sistemi özünə hörmət hissini bu qədərmi itirib? Necə olub ki, ölkənin hüquq mühafizə orqanları, məhkəmə sistemi bir orta ranqlı məmurun kininin, hikkəsinin girovuna çevrilib?

3. Sən demə, bütün bunlar da məmurun qisas hissini təmin etməyibmiş. Lamiyə maksimum həbs müddətini günə-gün çəkdikdən sonra da azadlığa çıxa bilməyib. Məmurun uzun əli məhkəmə və prokurorluğu onun sifarişlərinin icraçısına çevirib. Ona qarşı 2 dəfə yeni, qurama cinayət işləri açıblar, həbs müddətini artırıblar, Lamiyəni əmin ediblər ki, o daha azad ola bilməyəcək. Vüqarı da unutmayıblar, cəzaçəkmə müəssisəndə belə adamı öldürməyə cəhd ediblər.

Lamiyə Quliyeva (kollaj)
Lamiyə Quliyeva (kollaj)

4. Nəhayət, bu faciənin sonunda Lamiyə cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməklə gündəmə gəlib. İctimaiyyət üçün önəmli olan odur ki, Lamiyə köməksiz vəziyyətindən istifadə edilərək zorakılığa məruz qalıbmı?

Və nəhayət, Lamiyə Quliyeva faciəsi zamanı çoxlu konkret cinayət hadisələri baş verib. Yalnız mətbuatda gedən materiallara ilkin nəzər yetirməklə vəzifəli şəxslər tərəfindən aşağıdakı cinayətlərin törədildiyi qənaətinə gəlmək olar (şübhə etmirəm ki, dəqiq, qərəzsiz, hərtərəfli istintaq aparılacağı təqdirdə başqa cinayətlərin də üstü açıla bilər)

1. İşgəncə - Cinayət Məcəlləsi, maddə 113;

2. Qəsdən sağlamlığa ağır zərər vurma – maddə 126;

3. Qanunsuz abort etmə - maddə 141;

4. Əmlakı qəsdən məhv etmə və ya zədələmə - maddə 186;

5. Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma – maddə 286;

6. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə - maddə 290;

7. Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama – maddə 292;

8. Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarma – maddə 295;

9. Vəzifə səlahiyyətlərini aşma – maddə 309;

Xüsusilə qeyd etmək istəyirəm ki, yuxarıda sadaladığım cinayətlərin hamısı vəzifəli şəxslər tərəfindən, dövlətin onlara verdiyi səlahiyyətlərdən sui-istifadə etməklə həyata keçirilib. Bilmək lazımdır ki, bu faciəvi hadisələr zamanı təkcə Lamiyə Quliyevanın, onun keçmiş nişanlısı Vüqar Əliyevin, onların yaxın qohumlarının hüquq və azadlıqları tapdanmayıb, həm də dövlətin, xüsusilə hüquq mühafizə və məhkəmə orqanlarının nüfuzuna böyük zərbə dəyib.

İndi Baş Prokurorluğu və digər səlahiyyətli qurumları görəvə dəvət edirəm. Sübut etsinlər ki, bir balaca padşahın hikkəsilə törədilmiş bu cinayətlər və onları törətmiş cinayətkarlar dövlət səviyyəsində himayə olunmur. Bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etsinlər. Lamiyə Quliyeva cəzasını artıqlaması ilə çəkib, qondarma ittihamları onun üzərindən götürmək və onu azad etmək lazımdır. Vüqar Əliyevlə bağlı istintaq yenilənməli, yeni açılmış hallar nəzərə alınmalıdır", AXCP sədri məqaləsində qeyd edir.

Rəsmi orqanlar hələ siyasi liderlərin məqalələrində əks olunan fikirlərinə şərh verməyib. Bununla yanşı ölkə rəhbərləri Azərbaycanda hamının qanun qarşısında bərabər olduğunu bəyan edir, məhkəmələrin ədalətli olduğuna inandığını bildirir.

Penitensiar Xidmət isə bir qayda olaraq cəzaçəkmə müəssisələrində təzyiq və işgəncə olmadığını, qanunvericilik normalarının bütün məhbuslar üçün eyni olduğunu bildirir.

XS
SM
MD
LG