Accessibility links

Prokurorluq korrupsionerləri ifşa edib


Mənzil-Tikinti Kooperativində və peşə liseyində korrupsiya faktları aşkarlanıb

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi “Ayla” Mənzil-Tikinti Kooperativində və Abşeron-Binə peşə liseyində korrupsiya faktları aşkarlayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, “Ayla” Mənzil-Tikinti Kooperativinin sədri Əli Abışov qulluq mövqeyindən sui-istifadə edərək kooperativ tərəfindən paytaxtın Yeni Günəşli qəsəbəsində inşa edilmiş 16 mərtəbəli çoxmənzilli yaşayış binasının qazlaşdırılması, sayğac quraşdırılması və mənzillərə mülkiyyət hüququna dair sənədlərin hazırlanması üçün ödəniləcək rüsumları hissə-hissə 68 mənzil sahibindən alaraq ümumilikdə 131 min dollar məbləğində pul toplamaqla onlara pulun qəbulu barədə qəbz və ya digər rəsmi sənəd vermədən həmin pulları kooperativin xəzinəsinə mədaxil etməyərək mənimsəyib.

Mətbua xidmətinin digər məlumatında isə deyilir ki, Abşeron-Binə peşə liseyinin istehsalat təlimi ustası Şərafət Mehdiyevanın xidməti otağına keçirilən baxış zamanı liseydə təhsil alan tələbələrə məxsus və son istifadə tarixi 2013-cü ilin oktyabr ayınadək olan 17 ədəd plastik təqaüd kartları aşkar edilib. Araşdırmalarla həmin kartlarla təqaüdlərin liseyin vəzifəli şəxsləri tərəfindən çıxarılaraq mənimsənildiyi müəyyən edilib.

Hər iki faktla bağlı cinayət işi başlayıb.
XS
SM
MD
LG