İranın ali ruhani lideri Ayətullah Xamneyi İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə Azərbaycanda şiəliyin yayılması ilə tanrı yardımının cəlb olunacağı və Azərbaycan Respublikasının güclənəcəyini ifadə edib.
Bu haqda İran mətbuatı və ali ruhani liderin rəsmi veb səhifəsi məlumat yayıb.
“Cənab Əliyev hər iki ölkəyə qarşı təhdidlərin eyni mənbədən törədildiyini bəyan edib... Həzrəti Ayətullah Xamneyi Azərbaycan prezidentinin təhdid mənbəyinin eyni olduğuna dair sözlərini təsdiq edərək əlavə edib ki, İslam təlimləri və şiəliyin yayılması problemlər və təhdidlər qarşısında tanrının yardımı və 12 imamın lütfünü cəlb edəcək,” deyə Seyyid Əli Xamneyinin rəsmi veb səhifəsində dərc edilib.
Həmin məlumata əsasən, İlham Əliyev İslam dəyərlərinə hörmət etdiyini vurğulayaraq Azərbaycan dövlətinin dini xidmətlərindən söz açıb. “Müstəqillik dövründə Azərbaycanda yarısı mənim dövrümdə olmaqla 2 min məscid inşa edilib,” deyə khamenei.ir saytı prezident Əliyevin sözlərini əks etdirib.
Siyasi ekspertlər şiəçilik və İran millətçiliyini İran İslam Respublikası üçün əsas güc mənbələri hesab edirlər.