Accessibility links

İranda 30 millət vəkili qeyri-fars dillilərin tədrisini məclisin gündəminə gətirib


İranda 30-dan artıq millət vəkili qeyri-fars dillilərin tədrisi ilə əlaqədar qanun layihəsi imzalayıb.

İSNA xəbər agentliyinin Təbriz millət vəkili Qulamrza Munadiyə istinadən yaydığı məlumata görə, “layihənin ümumi məzmunu İran məclisinin Təhsil və Araşdırma Komissiyasında təsdiq edilib.”

“Komissiyanın noyabrın 16-da keçirilən iclasında konstitusiyasının yerli və etnik dillərin məktəblər və universitetlərdə tədrisi ilə bağlı olan 15-ci maddəsinin həyata keçirilməsinin planı müzakirə edilib,” Təbriz millət vəkili və məclisin təhsil komissiyasının başqanı Qulamrza Munadi bildirib.

Millət vəkili həmçinin deyib ki, “bir çox insan haqları sənədləri və müqavilələrində, eləcə də konstitusiyamızda bu layihənin mövzusuna diqqət yetirilib. Bu qanun layihəsi ölkənin etnik icmalarının ən önəmli tələbinə cavab olaraq hazırlanıb.”

Bəzi qeyri-müsəlman dini azlıqlara məxsus məktəblər istisna olmaqla, İran məktəblərində istifadə edilən bütün dərsliklər fars dilindədir.

İslam Respublikası dövründə rəsmilər və millət vəkilləri dəfələrlə türk dilinin məktəblərdə tədris ediləcəyinə dair vədlər və açıqlamalar verib, lakin bu, əməldə heç zaman həyata keçirilməyib. Qısa ömürlü Azərbaycan Milli Hökuməti dövrü istisna olmaqla, Pəhləvilər İranda hakimiyyətə gəldikdən bəri İran Azərbaycanının məktəblərində ana dili tədris edilməyib.

XS
SM
MD
LG