Orduxan Temirxanın sözlərinə görə, Azərbaycan hakimiyyəti tərəfindən son aylarda atılan addımları islahat saymaq olmaz.
“Mən buna islahat deməzdim. Çünki, fikir verin bunlar nələrdən başlayıblar. Bank kreditləri, şəhid ailələrin qan pulu və ya başda kiçik işlər. Bunlara islahatmı demək olar? Hakimiyyət gördü ki, kasıb xalq aldığı krediti ödəyə bilmir, bunlar da az miqdarda da olsa belə kreditin faizini endirdilər. Hansısa güzəştlərə getdilər ki, qalan pullardan bir az geri ala bilsinlər.
Biz istəyirik ki, bütün siyasi məhbuslar Novruz bayramına qədər ailələrinə qovuşsun.
Siyasi fəal əlavə edib ki, ölkədə islahata ehtiyacı olan ən vacib məsələ siyasi məhbuslar problemidir.
“Ölkədə siyasi məhbuslar var. Bunu beynəlxalq təşkilatlar, Avropa Şurası, ABŞ Konqresi də deyir ki, Azərbaycanda 140-a yaxın siyasi məhbus var. Biz düşündük ki, əgər İlham Əliyev həqiqətən islahatlar etmək istəyirsə, əvvəlcə siyasi məhbusların azad olunmasından başlamalıdır. Mən bütün siyasi partiyalar, bütün siyasi təşkilatlara, fəallara və jurnalistlərə müraciət etdim ki, gəlin bu kampaniyanı bütöv şəkildə, hamımız birlikdə həyata keçirək.”
Kampaniyamızın üç əsas haştaqı var: #hamısınıazadet, #freethemall, #azadet.
Sosial şəbəkələr vasitəsilə aparılan kampaniyaların hansı dərəcədə effektiv olması ilə bağlı sualı cavablandıran Orduxan Temirxan bildirib ki, bu cür aksiyalar kütləviləşərsə, partiyalar dəstək verərsə, kampaniya öz məqsədinə çata bilər.
"Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması və ya REAL partiyasının 40 min imza kampaniyaları, kreditlərlə bağlı tələblər, şəhidlərin qan pulunun verilməsi göstərdi ki, sosial kampaniyalar nəticələr verir. Biz əminik ki, bu kampaniya da Mehmana azadlıq istədiyimiz formada geniş yayılarsa, siyasi partiyalar və fəallar kütləvi şəkildə bu aksiyaya dəstək verəcəklərsə, məqsədimizə çata bilərik. Biz istəyirik ki, bütün siyasi məhbuslar Novruz bayramına qədər ailələrinə qovuşsun.”