İranın Atom Enerjisi təşkilatının başçısı Firidun Abbasi-Divani deyib ki, sanksiyalar qaldırılsa, Tehran BMT müfəttişlərinin İranın son beş ildə nüvə fəaliyyətlərini tam təftiş etməsinə imkan verəcək.
İranın İSNA agentliyi onun təklifi səsləndirdiyi müsahibəni bu gün açıqlayıb. Müsahibə zamanı o, tam təftiş dedikdə nəyin nəzərdə tutulduğu məsələsini də şərh etməyib.
Beynəlxalq Atom Enerjisi Agentliyi illərdir İranın nüvə obyektlərini yoxlamaq imkanı əldə etməyə çalışır. Agentlik İranın BMT müfəttişləri ilə əməkdaşlıq etməməsindən şikayət edir.
Avropa İttifaqının xarici işlər naziri Ketrin Eşton Abbasi-Divanin təklifinə cavab olaraq Fransa xəbər agentiyinə müsahibə zamanı deyib ki, BMT qətnamələri sanksiyaların qaldırılmasından öncə İranın nüvə fəaliyyətlərini dayandırması ilə bağlı beynəlxalq təəhhüdlərə əməl etməsini tələb edir.